AZ

“Azərbaycan mədəniyyəti 2040” Konsepsiyanın bizdən istədikləri

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər geniş müzakirə olunan “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş, təkcə mədəniyyət sahəsində çalışanlara deyil, bütün cəmiyyətə ünvanlanmış bir sənəddir. Çünki burada əsas sual sadəcə “nəyi qoruyuruq?” deyil. Daha vacib sual budur: biz mədəniyyəti necə yaşadırıq?

Konsepsiyanın əsas ideyası aydındır: mədəniyyət yalnız muzeylərdə, səhnələrdə və rəsmi tədbirlərdə olmamalıdır. Mədəniyyət gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir – danışığımızda, davranışımızda, münasibətlərimizdə.

Sənəddə Azərbaycan dili, davranış və bilik mədəniyyəti, ədəbiyyat, incəsənət, maddi və qeyri-maddi mədəni irs vahid bir sistem kimi təqdim olunur. Bu, tamamilə doğru yanaşmadır. Çünki mədəniyyət bölünəndə zəifləyir, bütöv olanda yaşayır.

Konsepsiyanın 2040-cı ilə qədər mərhələlərlə həyata keçirilməsi də onu göstərir ki, burada qısaömürlü kampaniyalardan yox, uzunmüddətli düşüncədən söhbət gedir. Amma hər bir strateji sənəddə olduğu kimi, əsas məsələ onun yazılması yox, necə həyata keçirilməsidir.

“İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin sədri kimi, bu Konsepsiyanı oxuyarkən bir məqam xüsusilə diqqətimi çəkdi: sənəd mədəniyyətin məsuliyyətini yalnız dövlətin üzərində saxlamır.

Burada açıq mesaj var: mədəniyyət onu daşıyan cəmiyyət olmadan yaşaya bilməz.

Bu isə vətəndaş cəmiyyətinin, xüsusilə mədəniyyət sahəsində çalışan QHT-lərin rolunu artırır. Artıq əsas məsələ təkcə tədbir keçirmək deyil. Əsas sual budur:

- bu fəaliyyət insanın düşüncəsində nəyi dəyişdi?

- hansı mədəni davranışı formalaşdırdı?

Məncə, Konsepsiyanın uğuru bir neçə sadə, amma vacib məqamdan asılıdır.

Əvvəla, mədəni irsi sadəcə toplamaq və rəqəmsallaşdırmaq kifayət deyil. İrsimizin tarixi- mədəni əhəmiyyətini başa düşməli qiymətləndirməliyik. İnsan anlamadığı, dərk etmədiyi dəyəri yaşada bilməz.

İkincisi, qeyri-maddi mədəni irs – folklor, musiqi, şifahi ənənələr – yalnız sənəd kimi yox, canlı ünsiyyət yolu ilə ötürülməlidir. Ustad-şagird münasibəti, canlı yaddaş bu baxımdan həlledici əhəmiyyət daşıyır.

Üçüncüsü, Konsepsiyada vurğulanan davranış və bilik mədəniyyəti cəmiyyətdə formal yanaşma ilə məhdudlaşmamalıdır. Mədəniyyət təkcə nə oxuduğumuz deyil, necə danışdığımız, necə dinlədiyimiz, fərqli olana necə yanaşdığımızdır.

Və nəhayət, dövlətlə QHT-lər arasında münasibətlər formal xarakter daşımamalıdır. Mədəniyyət sahəsində çalışan QHT-lər sadəcə icraçı yox, düşünən və məsuliyyət daşıyan tərəfdaş kimi qəbul edilməlidir.

Sonda: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyətə münasibəti dəyişən real bir yol xəritəsinə çevrilməlidir. Bu isə artıq təkcə dövlətin yox, hamımızın seçimidir.

Mədəniyyət qorunan bir əşya deyil. Mədəniyyət yaşadılan dəyərdir. Bu dəyəri yaşatmaq isə hər birimizin üzərinə düşən ortaq məsuliyyətdir.

Fəridə Mirişova

“İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
525.az

1Mənbələr