Yazıçı Şərif Ağayar sosial şəbəkə hesabında paylaşdığı sonuncu cızmaqarasında utanıb-qızarmadan Azərbaycanın muğam ifaçılarını, görkəmli sənətkarlarımızı xoşagəlməz ifadələrlə təhqir edib, o cümlədən, ölməz sənətkarımız Rəşid Behbudovla bağlı da qalmaqallı sözlər işlədib. Görünən budur ki, Şərif Ağayar və bu qəbildən olan “yeni nəsil” yazarcıqlar, şairciklər həqiqətən də artıq həddlərini aşırlar. Onlar söz azadlığından sui-istifadə edib getdikcə lap azğınlaşır, bütün milli-mənəvi dəyərləri və tarixi şəxsiyyətlərimizi həyasızcasına aşağılayırlar.
Bu düşərgəni və ya onların öz ifadəsi ilə desək, bu “ədəbiyyat bazarı”nı təmsil edən şair və yazarlar, əslində, “ustad” və “xaç ata”ları hesab etdikləri Əkrəm Əylislinin yolunu tutaraq qələmi, ədəbiyyatı özümüzə, öz xalqımıza, öz tariximizə qarşı zəhərli “silah”a çevirirlər. “Daş yuxular”ın müəllifi kimi bu ədəbi terrorçular da öz millətimizə qənim kəsiliblər. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə desək, bu gün bəzi müasir yazarlarımız, şairlərimiz “özümüzü kəsən qılınc” rolunda çıxış edirlər. Ədəbi qısırlıqdan əziyyət çəkən bu adamlar sosial şəbəkələr üzərindən dəyərlərimizə, mədəniyyətimizə, görkəmli şəxsiyyətlərimizə qarşı toksik söz yığını ifraz etməklə məşğuldurlar.
Biz bu süni qalmaqalçıları günümüzün herostratları da adlandıra bilərik. Çünki dünyanın yeddi möcuzəsindən biri sayılan Artemida məbədini yandırmaqla şöhrət qazanmağı düşünən qədim Yunanıstan sakini Herostrat kimi bu dırnaqarası “qələm adamları”mız da öz sərsəm cızmaqaraları ilə tarixi keçmişimizi daşlamağa, ədəbiyyat və mədəniyyət xadimlərinimizi müxtəlif vasitələrlə gözdən salmağa çalışırlar. Şərif Ağayar da dünyasını dəyişmiş və ya hazırda sağ olan muğam ifaçılarımızı, böyük sənətkarlarımızı guya “falset” səslə oxumaqda ittiham etməklə və onların ünvanına təhqiramiz ifadələr səsləndirməklə dövrümüzün Herostratı olmağa, ucuz yolla özünü reklam edib tanıtmağa cəhd göstərib.
Belələri sözün məsuliyyətini dərk etmirlər. Onlar “qırmızı xətt”ləri keçərək hər kəsə çamur atır, söz azadlığı ilə təhqirin, hədyanın, ədəbi “xuliqan”lığın sərhədlərini qatıb-qarışdırırlar. Nihilizmdən əziyyət çəkən bu cür “yaradıcı adam”lar üçün tənqidlə təhqirin artıq heç bir fərqi qalmır. Onların toksik fikirləri cəmiyyət üçün zərərli, zəhərli mühit formalaşdırır. Bu baxımdan onları mütləq dayandırmaq lazımdır. Keçmişimizə, mədəniyyətimizə, dəyərlərimizə daş atmaqla məşhurlaşmaq istəyən avantüristlər həm ictimai qınağın sərt üzünü görməli, həm də rəsmi qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Belələrinin barəsində ciddi ölçü götürülməli, müvafiq qanuni tədbirlər görülməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri