Davos Forumu Qrenlandiya mübahisəsinə görə qlobal siyasi arenaya çevrilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
İsveçrənin Davos şəhərində 56-cı Ümumdünya İqtisadi Forumu işə başlayıb. Bu, 130 ölkədən təxminən 3000 iştirakçının – siyasətçilərin, iş adamlarının və alimlərin qatıldığı ən böyük beynəlxalq toplantılardan biridir.
Ənənəvi olaraq forumun proqramı qlobal çağırışlara cavab axtarışına yönəlsə də, bu il iqtisadi məsələlər arxa plana keçib. Əsas diqqət kəskin siyasi münaqişələrə, xüsusilə Avropa ilə ABŞ arasındakı gərginliyə yönəlib.
Bütün diqqətlər Donald Trampa cəmlənib: o, bir neçə ildən sonra ilk dəfə olaraq şəxsən Davosa gələcək və son illərin ən böyük ABŞ nümayəndə heyəti ilə təmsil olunacaq. Gözləntilərə görə, müzakirələrin mərkəzində məhz o olacaq.
Forumdan əvvəl ABŞ prezidenti Qrenlandiya planı səbəbilə müttəfiqlərinə ticarət təzyiqini artırıb.
Bu təhdidlər Avropa İttifaqını təxminən 93 milyard avro (təxminən 166,5 milyard manat) dəyərində cavab tariflərini müzakirə etməyə məcbur edib.
Forumun gündəliyində Qrenlandiya ətrafındakı gərgin dialoq və ticarət mübahisələri ilə yanaşı, digər mühüm mövzular – Ukrayna və Yaxın Şərqdəki münaqişələr, süni intellektin təsiri və iqtisadi bərabərsizlik məsələləri də yer alır.
Xuraman Etibarlı
İnterpress.az