AZ

Hindistan-Ermənistan silah əməkdaşlığı: “Pinaka” nə vəd edir?

Hindistandan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyası göndərilib. Hindistanın müdafiə naziri Racnat Sinqh “Pinaka” raketlərinin ixracına Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) şirkətinin zavodunda start verib.

Qeyd edək ki, Ermənistan Hindistanla 4 ədəd “Pinaka” batareyasının tədarükünü nəzərdə tutan saziş imzalayıb. Keçən ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının həcminin 600 milyon dollara çatdığını yazıb.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a deyib ki, Hindistanla Ermənistan arasında silah ticarəti ilə bağlı bir neçə müqavilə imzalanıb.

Ekspert vurğulayıb ki, buna rəğmən, Ermənistan büdcə xərclərini azaldıb və yeni silahların, hərbi texnikaların alınmasını dayandırıb:

“Yəni Hindistanın Ermənisana göndərdiyi “Pinaka” idarə olunan raketlər əvvəlki müqavilələrin nəticəsidir. Artıq Azərbaycanla Ermənistan arasında sülh prosesi gedir, tərəflər arasında de-fakto sülh var. Təbii ki, Hindistan Cənubi Qafqaz regionunda disbalansın olmasında maraqlıdır və uzun müddət Ermənistanı silahlandırmağa cəhd edib. Hətta Zəngəzur dəhlizinə alternativ dəhliz də açmaq niyyətləri var idi. Amma proses tamam fərqli istiqamətdə gedir. Düşünmürəm ki, Ermənistanla Hindistanın hərbi əlaqələri daha da inkişaf edəcək”.

Məhəmməd Əsədullazadə: Ermənistanla Hindistanın hərbi əlaqələrinin daha da inkişaf edəcəyini düşünmürəm

Analitik qeyd edib ki, Hindistanın Ermənistana satdığı silahların effektliyi də suallar doğurur:

“Ermənistana göndərilmiş hərbi texnikalar öz effektliyini sübuta yetirə bilməyib. Ümumiyyətlə, Hindistanın Azərbaycana qarşı hələ də qeyri-konstruktiv mövqeyi davam edir. Bu da Pakistan-Azərbaycan əlaqələrinə görədir. Buna baxmayaraq, Ermənistan-Hindistan hərbi əməkdaşlığı da əvvəlki kimi yüksək səviyyədə deyil”.

Müsahibimiz vurğulayıb ki, rəsmi Bakının İrəvana xəbərdarlıqları var ki, belə təşəbbüslər sülh prosesini poza, dayandıra bilər:

“Ermənistan Rusiyadan silah-sursat alışını tamamilə dayandırmağa çalışdığı üçün Hindistan kimi ölkələrdən silah alaraq öz arsenalına daxil edir. Hər halda Azərbaycan bu məsələdə Ermənistana nəzarət edir ki, hücum silahları almasın”.

Aydın Baxış

Seçilən
24
1
bakivaxti.az

2Mənbələr