AZ

“Qrenlandiya ‘Monopoliya’ oyunu deyil” – 11 saat şaxtada ETİRAZ

Danimarkalı Kopenhagendəki ABŞ səfirliyinin qarşısında Qrenlandiya bayrağı ilə Trampın açıqlamalarına etiraz edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Danimarkada yaşayan və Qrenlandiya kökləri olan Lüdviq Hammeken ABŞ-nin Kopenhagendəki səfirliyi qarşısında etiraz aksiyası keçirib.

O, Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarına qarşı çıxaraq demək olar ki, bütün gecəni səfirliyin qarşısında keçirib. Şaxtalı havada o, əlində Qrenlandiya bayrağı ilə təxminən 11 saat dayanıb.

Kopenhagendə İT şirkətində çalışan və Qrenlandiyada böyüyən Hammeken bildirib ki, Trampın Danimarkanın kollektiv müdafiəyə töhfə verməməsi barədə sözləri ona xüsusilə toxunub.

Lüdviq Hammeken Danimarka hərbçilərinin İraq və Əfqanıstandakı missiyalarda iştirakını xatırladıb:

“Biz sədaqətimizi sübut etmişik. Bu qədər fədakarlıqdan sonra səni bu şəkildə satmaları təsvirolunmaz hissdir. Dilim tutulub”.

O, Trampın danışıq üslubunu “təhqiramiz və utancverici” adlandırıb:

“O, dövlət xadimi kimi yox, realiti-şou personajı kimi davranır. Tramp Qrenlandiyadan elə danışır ki, sanki bu, ‘Monopoliya’ oyunudur”.

Hammekenin sözlərinə görə, Qrenlandiya ətrafında mümkün güc ssenarisi ilə bağlı təhdidlər qorxuludur və bu, ölkənin canına və ruhuna təhdid kimi hiss edilir.

Etirazçı adada keçirilən hərbi təlimlərə görə Almaniyaya və digər Avropa ölkələrinə ayrıca təşəkkür edib və bunun onlara ümid verdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr