AZ

20 Yanvar milli mübarizə tariximizin dönüş nöqtəsidir – Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciəvi səhifələr bir-birini əvəz edib, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülüb. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o, eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.

Tənzilə

XX əsrin sonunda sovet rəhbərliyinin Azərbaycana qarşı yönəltdiyi məkrli siyasət, erməni separatizminin açıq şəkildə dəstəklənməsi ciddi etirazlara səbəb oldu və bu, xalq hərəkatının əsasını qoydu.

Qəhrəman xalqımızın haqq mübarizəsini yatırmaq üçün erməni lobbisinin əlində oyuncağa çevrilən Qorbaçovun birbaşa əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ordu yeridildi. Buna qədər dünyanın bir çox şəhərində dinc vətəndaşları qanına qəltan etmiş sovet işğalçı ordusunun Bakıda törətdiyi qətliam miqyasına və vəhşiliyinə görə heç bir faciə ilə müqayisə edilə bilməz.

Gözünü qan tutmuş Sovet əsgərləri qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər. Dünyada sülhün, xalqların təhlükəsizliyinin müdafiəçisi kimi qələmə verilən Sovet ordusu öz ölkəsinin dinc əhalisinə divan tutmaqla, qətlə yetirməklə əslində SSRİ rəhbərliyinin də, onun ordusunun da qatil olduqlarını sübuta yetirmiş oldu. Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Qanlı faciədən 36 il keçməsinə baxmayaraq, xalqımız hələ də o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və cinayətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir.

Bu gün bütün şəhidlərimizin ruhları şaddır. Azərbaycan şanlı Zəfərə imza ataraq tarixi ədaləti bərpa etdi. Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın uğurlarından bəhs edirik. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız azad edilmiş bütün ərazilərimizdə əzəmətlə dalğalanır.

Seçilən
57
2
veteninfo.az

3Mənbələr