AZ

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti: "Su idman növləri üzrə peşəkar kadrlarımız azdır"

Azərbaycanda su idman növlərinin ənənələri çox zəngin olmayıb, peşəkar kadrlar azdır.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

Z.Əliyev su idman növlərinin inkişafı üçün cəlb edilən əcnəbi mütəxəssislər və Bakıda keçiriləcək Dünya Kuboku barədə danışıb:

"Ölkəmizdə su idman növlərinin ənənələri çox zəngin olmayıb, peşəkar kadrlar azdır. Bu boşluğu doldurmaq üçün idman direktoru vəzifəsinə kanadalı Pyer Ləfonten, millinin baş məşqçisi postuna isə isveçrəli Luka Qabrilo gətirildi. Həmçinin bədii üzgüçülük, su polosu və suya tullanma üzrə tanınmış mütəxəssislərlə əməkdaşlığa başladıq. Qarşıda bizi mötəbər yarış gözləyir. 'Silk Road Tour'un Bakı mərhələsi oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bu turnir Dünya Kubokunun bir hissəsi olacaq. Yarışla əlaqədar Dünya Su İdmanı Federasiyasının prezidenti ilə müqavilə imzalamışıq. Çalışacağıq ki, Bakının 2026-cı il Dünya İdman Paytaxtı statusuna uyğun olaraq bu turniri ən yüksək səviyyədə təşkil edək".

O, inkişaf üçün bazanın hazırlandığını bildirib:

"Öncə federasiyanın strategiyası hazırlandı, struktur baxımından yenilənmə proseslərinə başladıq, inzibati ofis icarələnib təmir olundu. Planlı şəkildə inkişaf etmək, ədaləti və şəffaflığı qorumaq üçün rəsmi proqramların, qaydaların və əsasnamələrinin yazılmasına start verdik. Aidiyyəti yerli və beynəlxalq idman qurumları ilə əlaqələri genişləndirdik. İlk işlər çərçivəsində milli komandaya yeni məşqçilər, məsləhətçi həkim, nutrisioloq, masajçılar və psixoloqlar cəlb edildi, idmançılar zəruri tibbi vəsaitlərlə, müasir və keyfiyyətli idman forması ilə təmin olundular. Federasiyanın yeni brendbuku hazırlanıb təqdim olundu, rəsmi vebsayt və sosial şəbəkə akkauntları yeniləndi. Bütün bu işlər bir ildən az müddətdə görüldü".

Qurum rəhbəri beynəlxalq əlaqələrin və yerli qurumlarla əməkdaşlığın inkişaf strategiyasındakı rolunu vurğulayıb:

"İnkişaf etmək üçün əvvəlcə harada olduğumuzu və hansı müddətdən sonra harada olmaq istədiyimizi öyrənməliyik. Bunun üçün hazırladığımız strategiya bizim yol xəritəmizdir. Beynəlxalq təcrübədən yararlanmaq üçün əməkdaşlarımız Türkiyə və Rumıniyada görüşlər keçirib, fikir mübadiləsi apardılar. Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva ötən il iki dəfə ölkəmizə səfər etdi. Həmçinin nazirlik, Milli Olimpiya Komitəsi, Azərbaycan Tibb Universiteti və İdman Akademiyası ilə effektli əlaqələrimiz mövcuddur. Federasiyamız Paralimpiya və Deflimpiya komitələri ilə də memorandumlar imzalamaqla sıx əməkdaşlığa başlayıb".

Z.Əliyev kütləviliyin artırılması və yeni qaydaların formalaşdırılması istiqamətindəki hədəfləri açıqlayıb:

"Strategiyamızın əsas istiqamətlərindən biri kütləvilikdir. Çalışmalıyıq ki, əhalinin daha böyük hissəsi üzməyi bacarsın və sevsin. Bunun üçün 2026-cı il ərzində orta təhsil ocaqlarında maarifləndirici layihələr həyata keçirməyi planlaşdırırıq. Həmçinin yerli məşqçilərin və hakimlərin peşəkarlığı artırılmalıdır. Hazırda kimə 'üzgüçü', kimə 'məşqçi' dediyimiz, statistikaların necə aparılacağı və milli komandaya üzvlük meyarları ilə bağlı qaydalar formalaşdırılıb. Yaxın zamanda bu qaydalar ictimaiyyətə təqdim olunacaq və əminik ki, bundan sonra inkişafımız daha da sürətlənəcək".

Seçilən
50
far.az

1Mənbələr