AZ

BMU-da 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib, 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.

BMU-nun rektoru Yaqub Piriyev faciəni XX əsr boyunca Azərbaycan xalqına qarşı həyata keçirilən məqsədyönlü və amansız siyasətin qanla yazılmış səhifələrindən biri kimi səciyyələndirib. Rektor Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə 65 minlik hərbi qüvvənin Bakıda və bir neçə rayonda törətdiyi vəhşiliklərə toxunaraq, bu qətliama dair mühüm statistik faktları diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd Azərbaycan xalqının milli dövlətçilik mübarizəsini, azadlıq arzularını boğmaq, çökməkdə olan sovet imperiyasını qoruyub saxlamaq idi.

Yaqub Piriyev vurğulayıb ki, faciədən sonra Azərbaycan tam informasiya blokadasına salınmışdı. Həmin vaxt Moskvada yaşayan xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev bu səddi yararaq 20 Yanvar faciəsinin səhərisi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, doğma xalqı ilə həmrəylik nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətə açıq etirazını bildirmişdi. Sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar. Rektor əlavə edib ki, məhz bu tarixi bəyanat nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş dövlət terroru barədə məlumatlandırıldı.

20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsinin, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladan rektor daha sonra bildirib ki, Azərbaycanın azadlıq mübarizəsinin ilk şəhidlərinin qanı hədər getməyib. 20 Yanvar şəhidlərinin qoyduğu yol xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsində bir məşələ çevrilərək, ölkəmizi dövlət müstəqilliyinə qovuşdurub.

BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri tarix elimləri doktoru, professor Şikar Qasımov 20 Yanvar hadisələrindən danışaraq bildirib ki, bu faciə xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin başlanğıcı idi və böyük qurbanlar bahasına başa gəldi. Şikar Qasımov hadisələrin başvermə səbəbləri, tarixi-siyasi şərait və onun nəticələrindən geniş bəhs edərək, bütün həqiqətlərin çağdaş nəsil tərəfindən dərindən öyrənilməsinin vacibliyini söyləyib. Qeyd olunub ki, gənclərimiz bu faciəyə gətirib çıxaran prosesləri mütləq bilməli və tarixdən düzgün nəticələr çıxarmalıdırlar.

Seçilən
109
2
azertag.az

3Mənbələr