Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Müvəkkil Hüquq Mərkəzi”nin birgə təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Fondunun ofisində Şurnuxu kəndinin işğaldan azad olunmasının 5 illik yubileyinə həsr edilmiş “Şurnuxu Zəngəzurun giriş qapısı” adlı tədbir keçirilmişdir.
Azərbaycanın tarixi-coğrafi məkanları arasında mühüm strateji və mədəni mövqeyə malik olan Şurnuxu kəndi tarixən Zəngəzurun giriş qapısı kimi tanınmışdır. Bu ərazi yalnız coğrafi mövqeyi ilə deyil, həm də zəngin tarixi, mədəni irsi, etnoqrafik xüsusiyyətləri və milli yaddaşda tutduğu yer ilə seçilir. “Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən elmi-mədəni tədbir məhz bu tarixi həqiqətlərin elmi əsaslarla təqdim olunması, ictimai şüurda möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə ADPU Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, professor Mahirə Hüseynova, Prezident kitabxanasının direktoru, professor Afət Abbasova, professor Sayalı Sadıqova, Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Fondunun üzvü, xalçaçı rəssam, əməkdar mədəniyyət işçisi, Fazil Abasquluzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, jurnalist Rəsul Mirhəşimli, “Bütöv Azərbaycan qəzeti”nin baş redaktoru Tamxil Ziyəddinoğlu, Gorus Rayon İcmasının sədri Etibar Həsənov, hüquqşünas Səməd Vəkilov, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin müdiri, t.ü.f.d Leyla Calalova, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin baş mütəxəssisi Möhübbət Məmmədov Azərbaycan Dövlət İqtisad Universiteti Xarici Dillər Departamentinin baş müəllimi Natəvan Ağayeva, “Müvəkkil Hüquq Mərkəzi”nin Könüllülər Departamentinin gəncləri Cavid Vəkilov, Fatimə Süleymanlı, Cəfər Əliyev, Əkbər Əliyev iştirak etmişlər.
Professor Mahirə xanım Hüseynova və professor Afət xanım Abbasovanın elmi yanaşması tədbirin akademik səviyyəsini yüksəltmiş, mövzunun dərin və sistemli şəkildə təqdim olunmasına şərait yaratmışdır.
Prof.Mahirə Hüseynova tədbirdə çıxışı zamanı bildirib ki, yalnız şəxsi maraqlara xidmət edən yolda ümumi mənafe ola bilməz: bütün müharibələrin sonu sülhlə bitir. Biz heç kimin torpağında iddialı deyilik. Biz sadəcə ora qayıtmaq istəyirik. Orada doğulmuşuq və ora da qayıdacağıq. Erməni qalmaq istəyərsə, bu, onun öz işidir. “Biz belə bir yolun tərəfdarı deyilik və bu mövqeyimizdə israrlıyıq. Dədə-baba torpaqlarımıza qayıtmaq bizim mənəvi borcumuz, göylərdə olan ruhlara qarşı sədaqətimizin ifadəsidir. Şurnuxu, Dərələyəz, Göyçə və İrəvan bölgələri ilə bağlı 2025-ci ildə cənab Prezident çıxışlarında bu məsələyə doqquz dəfə toxunub ki, bu da az məsələ deyil”.
Tədbir çərçivəsində Şurnuxunun Azərbaycan tarixindəki rolu, onun qədim yaşayış məskəni olması, toponimika, mədəniyyət və mənəvi irs baxımından daşıdığı dəyər elmi faktlar əsasında diqqətə çatdırılmışdır. Müzakirələr zamanı vurğulanmışdır ki, Şurnuxu təkcə bir kənd deyil, Zəngəzurun tarixi yaddaşını özündə yaşadan mühüm mədəni-coğrafi mərkəzdir. Bu cür tədbirlər elmi araşdırmaların cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynayır.
Tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından zənginliyi ilk növbədə təşkilatçıların elmi məsuliyyəti və peşəkarlığı ilə bağlıdır. Eyni zamanda, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd müəllim Vəkilovun tədbirə verdiyi dəstək və fəal iştirakı hüquqi və ictimai baxımdan məsələnin aktuallığını ön plana çıxarmışdır. Onun çıxış və mövqeyi milli irsin qorunması, tarixi həqiqətlərin müdafiəsi və ictimai məsuliyyət anlayışının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Tədbirin uğurla keçməsində iştirakçıların elmi marağı, fəal müzakirələri və mövzuya göstərdikləri həssas münasibət də xüsusi qeyd olunmalıdır. Alimlərin, ziyalıların və ictimai nümayəndələrin bir araya gələrək Şurnuxu kimi tarixi məkanın taleyini elmi müstəvidə müzakirə etməsi milli yaddaşın qorunması baxımından dəyərli nümunədir.
Nəticə etibarilə, “Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən bu elmi-mədəni tədbir Azərbaycan tarixinin mühüm səhifələrinin araşdırılması və təbliği istiqamətində əhəmiyyətli addım olmuşdur. Bu cür elmi təşəbbüslərin davamlı olması milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə elmi əsaslarla çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.