AZ

Avtomobilin mühərrikinə günəbaxan, hətta zeytun yağı da tökmək olar, amma tövsiyə edilmir – AÇIQLAMA

Sosial şəbəkələrdə avtomobil mühərrikinə günəbaxan yağı əlavə edilib idarə olunması ilə bağlı videolar yayılıb. Bəzi istifadəçilər “qatqı” da əlavə edərək, bunu normal və təhlükəsiz kimi təqdim edirlər.

 

Bəs bu, texniki cəhətdən mümkündürmü?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən avtomobil mütəxəssisi Elgün Xıdırovun sözlərinə görə, yağın hansı mühərrikdə istifadə olunması, mühərrikin ümumi xarakteristikasından asılıdır və bu baxımdan ciddi fərqlər mövcuddur:

 

“Məsələn, Almaniya istehsalı olan avtomobillərdə, turbo mühərriklərdə vəziyyət Yaponiya istehsalı avtomobillərin mühərriklərindən fərqlənir. Nəticə etibarilə, söhbət yenə yağdan gedir. Yağlayıcı funksiyaya malikdir, lakin avtomobilin hansı rejimlərdə işləməsi və neçə min kilometrlik yürüş zamanı bu yağın mühərrikə vurduğu ziyanların ölçülməsi və qiymətləndirilməsi vacibdir. İşləyə bilərmi? Bəli, müəyyən hallarda işləyə bilər. Məsələn, dizel mühərriklərində günəbaxan yağını yanacaq əvəzi kimi istifadə etmək olar. Yanacaq kimi, nəzəri baxımdan, günəbaxan yağı və hətta zeytun yağı da istifadə oluna bilər. Bu yağların mühərrikin yağlanmasında da müəyyən rolu ola bilər. Lakin əsas problem ondan ibarətdir ki, bu yağların hansı temperatur şəraitinə nə qədər davam gətirdiyi dəqiq bilinmir. Şübhəsiz ki, zərərləri var, amma bu zərər dərhal özünü göstərmir. Uzunmüddətli istifadə zamanı yağın molekulyar strukturunun neçə min kilometrdən sonra pozulduğu araşdırılmalıdır. Mühərrik yağının funksiyalarına nəzər salsaq, görərik ki, mühərriki yağlayır, soyutmaya kömək edir, neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Belə ki, yanacağın tərkibində olan kükürd nəticəsində yaranan turşu mühiti, mühərrik yağının tərkibində olan xüsusi qatqılar, məsələn, qələvi komponentlər vasitəsilə neytrallaşdırılır. Aydındır ki, günəbaxan yağının tərkibində bu cür qələvi qatqılar yoxdur və bu da onun mühərrik yağı kimi istifadəsini ciddi şəkildə məhdudlaşdırır. Günəbaxan yağını mühərrikdə neytrallaşdıra bilməyəcək, nəticədə aşınmalar baş verəcək. Ziyan dəyəcək, ancaq bu ziyan illərlə istifadədən sonra problem yaradacaq. Mühərrik yağının yuyucu qatqıları var və zamanla yanacaqda olan çöküntülər və s. bu yuyucular sayəsində mühərrikin içindən təmizlənir. Yəni mühərrik yağında olan qatqılar günəbaxan yağında yoxdur və bu da zamanla maşına ziyan verə bilər.

E.Xıdırov bildirib ki, günəbaxan yağından bu məqsədlər üçün istifadə tövsiyə edilmir: “Fiziki və kimyəvi xüsusiyyətlərinə baxsaq, aralarında böyük fərq var. Ən böyük ziyan isə yağın özünün temperatur şəraitinə davam gətirməməsidir. Məsələn, siz belə bir mühərriklə stabil olaraq 1500–2000 dövrlərdə  sürsəniz, ziyan minimum ola bilər. Amma davamlı olaraq aqressiv sürsəniz, məsələn 4000 və yuxarı dövr/dəqiqə sürsəniz, mühərrik qısa müddətdə sıradan çıxacaq. Mühərriklər resurslu hazırlanır. Mühərrikin hazırlanmasında ara qatların, ara məsafələrin, istifadə olunan materialların və ümumiyyətlə, mühərrikin işləmə temperaturunun necə olduğu vacibdir. Məsələn, BMW kimi yüksək yükə (forsiv) uyğun hazırlanmış mühərriklərdə günəbaxan yağı istifadə edilərsə və 4000 dövrlərdə sürsəniz, mühərrik qısa müddətdə sıradan çıxacaq. Toyota kimi mühərriklər isə aşağı dövrlərdə buna daha çox tab gətirə bilər. Burada söhbət tək yağdan deyil, həm də hansı avtomobildə istifadə edildiyindən gedir. Bəzən belə hallar olur ki, mühərrikə 7 litr yağ gedir, amma oraya mühərrik yağı deyil, 7 litr günəbaxan yağı əlavə edilir, daha sonra isə əlavə olaraq mühərrik yağının xüsusiyyətlərini yaxşılaşdıran qatqı əlavə olunur. Mühərrik yağının texniki və kimyəvi parametrləri var və bunlar sənəddə göstərilir. Məsələn, bu parametrlərə yağın qaynama, buxarlanma temperaturu, qələvilik ədədi və s. daxildir. Günəbaxan yağının da fiziki və kimyəvi xüsusiyyətləri ölçülüb müqayisə edilməlidir ki, tələbdən nə qədər geri qaldığı müəyyən edilsin. Forsivli və deforsivli mühərriklərdə aşağı dövrlərdə bu gerilik çox problem olmaya bilər. Amma aqressiv mühitdə (yüksək dövr, yüksək yüklənmə) qısa zamanda mühərrik sıradan çıxa bilər. Ümumilikdə, belə istifadə faydalı deyil, zərərlidir”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Yanvar 2026, 16:01   
Seçilən
31
pravda.az

1Mənbələr