AZ

İran üzərində böyük oyun: Növbəti hədəf regiondur?

İranda davam edən kütləvi etirazlar və paralel şəkildə ABŞ–İran münasibətlərində artan gərginlik regionda yeni təhlükəsizlik riskləri yaradıb. Baş verən proseslər yalnız İranın daxili sabitliyi üçün deyil, eyni zamanda Cənubi Qafqaz və Yaxın Şərqdəki güc balansı baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə hadisələrin mümkün hakimiyyət dəyişikliyi və ya genişmiqyaslı hərbi qarşıdurma ilə nəticələnib-nəticələnməyəcəyi sualı gündəmdədir.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ, Qərb ölkələri və İsrailin İranla bağlı siyasətində yeni və daha sərt mərhələnin şahidi oluruq:

“İran uzun illərdir ağır sanksiyalar şəraitində yaşayır və bu təzyiq halqası getdikcə daralır. Məqsəd ölkə daxilində sosial narazılığı kəskinləşdirərək etirazları genişləndirmək və nəticə etibarilə rejim dəyişikliyinə nail olmaqdır. Hazırda şahidi olduğumuz hadisələr həqiqətən dramatik və faciəvi xarakter alıb.

İranda iqtisadi çətinliklər fonunda narazılıqların olması danılmazdır, lakin küçələrdə müşahidə edilən zorakılıqlar dinc etiraz anlayışından kənara çıxır. Bu gün Tehranda, Şirazda, İsfahanda və digər şəhərlərdə baş verənlər sıravi etiraz aksiyaları deyil. Silahlı təxribatlar, inzibati binaların yandırılması, təhlükəsizlik qüvvələrinə hücumlar həyata keçirilir. Lakin Qərb mediası bu faktların üzərindən məqsədli şəkildə sükutla keçir. Bunun səbəbi İrana qarşı genişmiqyaslı informasiya müharibəsinin aparılmasıdır”.

Tofiq Abbasov vurğulayıb ki, İran faktiki olaraq informasiya blokadasına alınıb və bu, Azərbaycana qarşı vaxtilə aparılan təzyiq kampaniyalarını xatırladır:

“Azərbaycan da müxtəlif beynəlxalq tədbirlər ərəfəsində oxşar təzyiqlərlə üzləşmişdi. Bunun əsas səbəbi ölkəmizin müstəqil siyasət yürütməsi və xarici diktələrə boyun əyməməsidir. İranla bağlı da eyni yanaşma müşahidə olunur. Hazırkı proseslərin əsas hədəfi İran hakimiyyətinin devrilməsidir, lakin bu ssenarinin reallaşması real görünmür. Uzunmüddətli sanksiyalar, iqtisadi təzyiqlər və xaricdən idarə olunan təxribatlar bu məqsədə xidmət edir. Küçələrdə zorakılıq törədənlər isə əsasən radikal qruplaşmaların qalıqlarıdır. Bu qrupların ABŞ, İsrail və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlaqələrinin olması istisna edilmir”.

Politoloq bildirib ki, zorakılıq və insan itkiləri məqsədli şəkildə şişirdilərək beynəlxalq müdaxilə üçün zəmin yaradılmağa çalışılıb:

“Bu ssenari daha əvvəl Venesuelada, Ukraynada, Serbiyada və Türkiyədə tətbiq olunub. Qan faktoru kütləni hərəkətə gətirmək üçün istifadə olunur. Lakin İranda bu plan tam reallaşmadı. ABŞ-ın birbaşa hərbi müdaxiləsi region üçün son dərəcə təhlükəli olar. Əgər ABŞ İrana zərbə endirsə, Tehran regiondakı Amerika bazalarına və İsrailə cavab verəcək. Bu isə genişmiqyaslı regional müharibəyə yol aça bilər. İsrail bu qarşıdurmada İran qarşısında acizdir və Vaşinqtonu önə verməyə çalışır”.

Politoloq sonda vurğulayıb ki, Azərbaycan üçün əsas prioritet regionda sabitliyin qorunmasıdır:

“Bizim üçün ən vacib məsələ qonşu ölkədə sabitliyin bərqərar olmasıdır. İranın daxili qarşıdurmalardan çıxması, dinc həyatın bərpa edilməsi və xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizinin aktivləşməsi Azərbaycanın strateji maraqlarına tam uyğundur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr