Bakı, 19 yanvar, AZƏRTAC
Xaricdə yaşayan azərbaycanlıların da ana dilini mükəmməl bilməsi üçün onlayn məktəblər və tədris imkanlarının genişləndirilməsi vacibdir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, “Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil”. Bu baxımdan azərbaycanlıların yaşadıqları xarici ölkələrdə onların öz ana dillərində mükəmməl danışmalarına xüsusi şərait yaradılması olduqca vacib məqamdır. Bu məsələdə Azərbaycan dövlətinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ana dilimizin beynəlxalq miqyasda təbliği, tədrisi və tədqiqi istiqamətində mühüm təşəbbüslər həyata keçirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Pərvin Eyvazov bildirib.
Alimin sözlərinə görə, bir çox xarici ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri yaradılıb. Heydər Əliyev Fondunun bu sahədəki dəstəyi də təqdirəlayiqdir. Dilimizin beynəlxalq miqyasda təbliği yönündə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının gördüyü işləri xüsusi qeyd etmək lazımdır. 2018-ci ildə Türkiyədə Azərbaycan dili ilə bağlı ilk dəfə irihəcmli monoqrafik tədqiqat – Fırat Universitetinin professoru Süleyman Kaan Yalçının “Azerbaycan Türkçesi Grameri” kitabı Bakı Dövlət Universitetinin dilçi alimlərinin mənəvi dəstəyi ilə işıq üzü görüb.
“Şübhəsiz ki, belə nümunəvi addımlar çoxdur. Ancaq bu prosesin daha geniş miqyasda, sistemli və müasir çağırışlar səviyyəsində aparılmasına ciddi ehtiyac var. Təbii ki, bu mexanizm dövlət başçısının nəzarəti ilə icra olunmalı və bu işdə maddi-mənəvi resurslarımız düzgün idarə edilməli, obyektiv sistem qurulmalıdır. Ölkəmizin elmi-mədəni, siyasi-iqtisadi əlaqələr qurduğu və soydaşlarımızın yaşadıqları xarici ölkələrdə elm, təhsil və mədəniyyət müəssisələrinin təşəbbüsü ilə Azərbaycan dili və mədəniyyət mərkəzlərinin coğrafiyasının genişləndirilməsi vacib məqamlardan biri hesab oluna bilər. Bəzi ölkələrdə belə təsisatlar vardır. Ancaq işin effektivliyi müasir tələblərə cavab verməli və bunun sferası planlı şəkildə genişləndirilməlidir”,- deyə alim vurğulayıb.
O əlavə edib ki, ölkəmizdə vahid mərkəzdən idarə olunan belə sistemin formalaşdırılması günümüzün tələbidir: “Məsələn, Türkiyədə Yunis Əmrə İnstitutunun türk dili və ədəbiyyatının təbliği sahəsində gördüyü işlər hamıya məlumdur. Dünyanın əksər ölkələrində bu institut türk dilinin təbliği ilə ciddi məşğul olur. Düşünürəm ki, gələcəkdə dilimizin qorunması və xüsusilə xarici ölkələrdə yaşayan azərbaycanlılara, o cümlədən çağdaş nəsillərə aşılanmasında, təbliğində həmin ölkələrdə fəaliyyət göstərmək imkanına malik olan belə institut formalaşdırmaq olar. Bu prosesə xaricdə yaşayan və fəalliyyət göstərən vətənpərvər iş adamlarını, ziyalıları və gəncləri cəlb etməklə ana dilimizin beynəlxalq nüfuzunu daha da gücləndirmək olar”.