AZ

“Qurtuluş”un rəhbəri cinayət işindən danışdı: “Təkcə bizdə deyil...”

“Cinayət işinin başlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda hər hansı konkret reabilitasiya mərkəzi barəsində cinayət işi açılmayıb. Bununla belə, qeyd etmək lazımdır ki, ümumilikdə ölkə üzrə fəaliyyət göstərən bütün reabilitasiya mərkəzləri ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar aparılır”.

Bunu “Yeni Sabah”a açıqlamasında “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov bildirib.

O, sözügedən prosesin təxminən bir ilə yaxındır ki, davam etdiyini və planlı şəkildə bütün mərkəzlərdə yoxlamaların həyata keçirildiyini deyib:

“Bu yoxlamaların məqsədi mərkəzlərin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu, göstərilən xidmətlərin keyfiyyətini və pasiyentlərin hüquqlarının qorunub-qorunmadığını müəyyən etməkdir. Biz bu prosesə şəffaflığın təmin edilməsi prosesi kimi yanaşır, müvafiq qurumlarla əməkdaşlıq edirik və bütün lazımi məlumatları veririk. Fəaliyyətimizin ilk günündən etibarən qanunvericiliyin tələblərini ciddi qoruyuruq, peşəkar kadrlarla və müəyyən olunmuş standartlara uyğun şəkildə iş qurmuşuq. Məhz buna görə də inanırıq ki, aparılan bu araşdırmaların nəticəsində də ən yaxşı fəaliyyət göstərən reabilitasiya mərkəzlərindən biri olduğumuzu sübut edəcəyik və bu sınaqdan da üzüağ çıxacağıq”.

Qeyd edək ki, tanınmış aparıcı Nəsimi Nəbizadə ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmişdi. O, yanvarın 6-da mərkəzdən qaçıb.

Bundan sonra “Qurtuluş”un fəaliyyəti daha çox gündəmə gəlib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən “Qurtuluş” Reabilitasiya Mərkəzində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydada qəbul edilib.

Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
98
2
yenisabah.az

3Mənbələr