AZ

İranın parçalanması ssenarisi: İkidən çox dövlətin meydana çıxması real deyil

Yanvarın 16-da “The Wall Street Journal”da“parçalanmış İran elə də pis olmaya bilər” başlıqlı məqalə yayımlanıb. Məqələdə vurğulanır ki, hazırkı İranın sərhədləri süni xarakter daşıyır və onun parçalanması Rusiya, Çin və digərlərinin maraqlarını puça çıxarardı. Məqalədə həmçinin İranın hazırkı etnik mənzərəsinə istinad edən xəritə də yer alıb.

Dəfələrlə qeyd etdiyim ki, biz İranda baş verən hadisələri soyuqbaşla təhlil etməli, ən müxtəlif ssenarilərə hazır olmalı və hadisələrin bir-birinə zidd mümkün inkişaf modellərinə rasional, praqmatik, amma sonsuzadək milli mövqedən yanaşmalıyıq. Xüsusi ilə onu nəzərə almalıyıq ki, İranda baş verəcək rejim dəyişikliyi və onun bütün mümkün nəticələri geopolitik səciyyə daşıyır.

İstər tarixi dinamik, istərsə də geopolitik şərtlər çərçivəsindən baxdığımızda İran Yaxın və Orta Şərqin qalan bütün ölkələrindən fərqli spesifikaya malikdir. Bu spesifik xüsusiyyətlərdən ən mühümü odur ki, İran nə bir çox ərəb ölkələri kimi birmənalı olaraq SSRİ-nin, nə də ABŞ-ın kontrolunda olub. İran xalqlarının tarixi yaddaşında Rusiya ilə savaşlar dərin iz buraxdığı kimi, Pəhləvilərin ABŞ tərəfindən dəstəklənməsinin yaratdığı travmalar da unudulmayıb. Odur ki, İranın aqibətini heç bir geopolitik güc tam müəyyən edə bilməyəcəyi kimi, daxili qüvvələrin planları da beynəlxalq dəstək almadan reallaşa bilməz.

İranda monarxiya- istər Pəhləvilər, Qacarlar, Səfəvilər sülalələrindən hər hansı birini-bərpa etmək mümkün görünmür. Teokratik rejimdən imtina etmiş respublika kimi davam etmək üçün isə İranın həddən artıq çox sayda problemləri, ilk növbədə millətlər problemi var. Fars hegemonluğuna əsaslanan bir əsrlik siyasət İranın digər xalqlarını müstəmləkə halına gətirib. Müstəmləkəçilik siyasətinin qurbanı olan xalqların isə bərabərlik və azadlıq tələb etmələri, öz milli müqəddəratını sərbəst şəkildə müəyyənləşdirməyə can atmaları bir zərurətdir. Əgər İranın keçid hökuməti bu prosesi boğmağa çalışacaqsa, proseslər istər-istəməz silahlı münaqişələrə çevriləcək, xaos yaranacaq. Əgər dinc və rasional bir siyasət izlənəcəksə, o zaman İranın parçalanması heç bir tərəf üçün təhlükəli ssenari olmayacaq. Odur ki, bütün variantlarda post-teokratik İranın aqibətinə İran xalqları özləri, bərabər hüquqla və sərbəst şəkildə qərar verməlidirlər.

İndi elə çağdır ki, heç bir cəmiyyət boyunduruq altında yaşamaq istəmir. Odur ki, perspektivdə nə farslar azərbaycanlıların, nə də azərbaycanlılar farsların tabeliyində yaşamaq istəyəcək. Eyni zamanda, İranın bu iki əsas etnosu üçün hegomonluq iddiasının sıradan çıxması bölgənin digər və daha azsaylı xalqlarına münasibətdə də demokratikləşmə vəd edir. İran çoxmillətli cəmiyyətdir və bu cəmiyyətdə hər kəsin öz dövləti olacaq deyil. Digər azsaylı xalqlar dinc və kontrollu parçalanma şəraitində öz müqəddəratlarını ya farslar, ya da azərbaycanlılarla birgə təyin edə bilərlər. Bu isə öz növbəsində BMT nizamnaməsində əks olunan sözügedən prinsipə tam uyğundur.

Elə bu səbəbdən də Güney Azərbaycandan danışarkən bir neçə şərti mütləq nəzərə almalıyıq.

Əvvəla, başa düşməliyik ki, Güney Azərbaycan dövlətləşdiyi təqdirdə, monoetnik bir məkan olmayacaq. Bu bizim tariximizə və xalqımızın yaşam sisteminə zidd deyil. Hazırda Azərbaycan Respublikası multikultural dəyərləri önə çıxardığı üçün bütün dünyaya nümunədir. Bu təcrübəni güneyli soydaşlarımızın da paylaşmasında heç bir qəbahət olmayacaq.

İkincisi, Güney Azərbaycan hazırda İranın məkrli bir şəkildə iki ostana böldüyü ərazilərdən ibarət deyil. Güneyli soydaşlarımız İrandakı keçid hökumətindən bu ostanların həm birləşdirilməsini, həm də sərhədlərinin bərpasını tələb etməyə haqlıdırlar.

Üçüncüsü, Güney Azərbaycanın coğrafi hüdudlardan kənarda qalan, lakin mədəni arealına daxil olan Xəzərətrafı zolaqda məskunlaşmış xalqların azərbaycanlılarla birgə yaşamaq haqqına və istəyinə Tehran tərəfindən sayğı ilə yanaşılması təmin edilməlidir. Bu, Güney Azərbaycanın Türkmənistan vasitəsi ilə Orta Asiyaya çıxışını təmin edəcəyi üçün prinsipial strateji hədəflərdən biri olmalıdır.

Nəhayət, İranın istər kontrollu, istərsə də kontrolsuz parçalanması ssenarilərində kürd faktoru üzə çıxır. İran kürdləri uzun illərdir ki, həm Azərbaycana, həm də Türkiyəyə Tehran tərəfindən təhdid kimi göstərilir. Sözün açığı, fars şovinistləri və Rusiya bu kartdan yeni dövrdə də istifadə edə bilərlər.

Odur ki, İrandakı kürd amili barədə də açıq danışmalıyıq.

Bir çox İranşünaslar təsdiq edir ki, əşirətlər halında yaşayan kürdlərin siyasi və silahlı mübarizə təcrübəsi, mobil diaspora quruluşları var. Onlar mövcud İran rejiminə qarşı dəfələrlə geniş miqyaslı protestlərə qatılıblar. İrana qonşu olan İraqda kürd muxtariyyəti mövcuddur və sözügedən subyektdə əsas söz sahibi Bərzani klanıdır. Bərzani ailəsi İraqa Cənubi Azərbaycandan köçüb və 1946-ci ildə mövcud olmuş Mahabad Kürd Cümhuriyyətinə bağlı bir şəcərəyə sahibdirlər.

Seçilən
168
aznews.az

1Mənbələr