İnternet məkanında uşaqlar üçün təhlükəli oyunlar az deyil.
Hər kəs "mavi balina" adlı oyunun uşaqlar üçün təhlükəli olduğunu bilir. Bununla yanaşı, "Roblox" adlı oyun var ki, o da uşaq üçün olduqca təhlükəli sayılır. Artıq bir sıra ölkələrdə bu oyun qadağan olunub. "Roblox"un bloklandığı ölkələrin siyahısına Türkiyə, Oman, Qətər və Çinlə yanaşı, Küveyt də qoşulub. Səbəb kimi uyğun olmayan məzmunu və uşaqlar üçün təhlükə risklərini göstərirlər.
İKT eksperti Elvin Abbasov Hit.az-a açıqlamasında deyib ki, uşaqları bu ikili təhlükədən qorumaq üçün texniki müdafiə və şəffaf ünsiyyət birgə tətbiq edilməlidir:
"Təhlükəsizliyi təmin etmək üçün valideynlər “Parental Control” proqramlarından istifadə etməlidirlər. Bu proqramlar qismində “Google Family Link” (Android cihazlar üçün), “Apple Screen Time” (iOS cihazlar üçün) kimi əməliyyat sistemlərinin daxili həlləri və ya “Kaspersky Safe Kids”, “Qustodio”, “Net Nanny” kimi üçüncü tərəf proqram təminatları tövsiyə olunur. Bu proqramlar uşağın ekran vaxtını məhdudlaşdırmağa, yaşa uyğun olmayan məzmunu filtrləməyə və naməlum tətbiqlərin yüklənməsini bloklamağa kömək edir".
Ekspert sözlərini belə yekunlaşdırıb:
"Valideynlər bu proqramları uşaqdan gizlətməməli, əksinə, bunun onların təhlükəsizliyini qoruyan bir vasitə olduğunu izah etməklə aralarında etimad körpüsünü qorumalıdırlar. Ən əsası isə uşağın davranışında yaranan istənilən qəfil psixoloji dəyişikliyi müşahidə etmək və dərhal müdaxilə etmək lazımdır".
Sevinc