Müğənni Şəbnəm Tovuzlunun səhhətində ciddi problem yaranıb. İddialara görə, buna onun qəbul etdiyi arıqlama dərmanı səbəb olub. Bildirilir ki, sənətçi dərman qəbul etdikdən sonra halı pisləşib, təzyiqi kəskin düşüb, huşunu itirib və ağzında köpük gəlib.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan dietoloq-həkim Leyla Zülfüqarlı deyib ki, bu cür hallar artıq mütəmadi xarakter alıb:
“Arıqlama dərmanlarından fəsadlar periodik olaraq baş verir. Xüsusilə də bu, cəmiyyətdə tanınan şəxsin timsalında baş verdikdə diqqəti daha çox cəlb edir. Çox qəribə və eyni zamanda, təhlükəli bir təzad var: insanlar yanlış məlumatlara inanaraq arıqlama çayları, qəhvələri, tabletlər qəbul edirlər, hətta arıqlama iynələri vurdururlar. Üstəlik, bunları “möcüzəvi” vasitə kimi təqdim edirlər. Halbuki bu preparatlar kiməsə müsbət təsir edə, başqasına isə ciddi zərər verə bilər. Xüsusilə də arıqlama iynələri təhlükəlidir”.
Onun fikrincə, bunların hamısı kor-koranə və nəzarətsiz istifadə edildikdə ağır fəsadlar qaçılmaz olur: “Bu cür vasitələrin tərkibində orqanizmdə ciddi anorektik təsir yaradan maddələr var. Bu maddələr iştahanı kəsmək adı altında beyindəki aclıq mərkəzinə mənfi təsir göstərir və insanı sanki uzun müddət tox saxlayır.
Məsələn, sibutramin adlı maddə var ki, bir çox arıqlama tabletinin, kapsulunun və çayının tərkibində rast gəlinir. Bu maddə inkişaf etmiş ölkələrin hamısında qadağan olunub. Çünki sibutramin son dərəcə təhlükəlidir və hətta insanın bioloji ölümünə belə səbəb ola bilər.
Bu dərmanları içdikdə ilk olaraq nə baş verir?
Hipoqlikemik vəziyyət yaranır yəni qan şəkəri kəskin şəkildə düşür. Bununla paralel olaraq arterial təzyiq aşağı düşür. Daha sonra şəkərin qəfil qalxıb-enməsi baş verir. Bütün bu proseslər nəticəsində insan huşunu itirə, tarazlığını saxlaya bilməyə, yıxılıb ciddi travmalar ala bilər”.

Dietoloq bildirib ki, 15 illik praktik fəaliyyəti dövründə bu cür hallarla dəfələrlə rastlaşıb:
“Mən bu sahədə təxminən 15 ildir fəaliyyət göstərirəm və bu cür halları çox görmüşəm. Hətta xatırlayıram, bir pasiyentim vardı yaralarını açıb mənə göstərmişdi. Qarın nahiyəsində bir neçə yerdən tikişləri var idi. Deyirdi ki, “Doktor, üç ay əvvəl arıqlama dərmanı içdim, halım o qədər pisləşdi ki, huşumu itirib yıxıldım”. Yolda kəsici alətlərə dəymişdi, bədəni ciddi şəkildə yaralanmışdı. Yaxşı ki, vaxtında təcili tibbi yardım çatmışdı və həyatını xilas etmək mümkün olmuşdu.
Amma bütün bunlara baxmayaraq, insanlar bu halları sadəcə “somatik simptomlar”, yəni müvəqqəti hal pisləşməsi kimi qiymətləndirirlər. Halbuki bu, çox ciddi bir siqnaldır.
Sual yaranır: insan orqanizmi ilə bu qədər necə oynamaq olar? Necə olur ki, insanlar öz bədənlərinə bu dərəcədə zərər verməyə razı olurlar?”
Həkim-cərrah, professor Adil Qeybulla isə bildirib ki, arıqlamaq məqsədilə istifadə olunan dərmanların, preparatların müxtəlif təsir mexanizmləri mövcuddur. Onun sözlərinə görə, bu təsirlər iştahanın azalmasından başlayaraq, yağların orqanizm tərəfindən sorulmasının qarşısını almağa, metabolizmi sürətləndirərək depolarda yığılan yağların əridilməsinə qədər dəyişə bilər.
“Bundan əlavə, çəki itirmə effekti olan bəzi antidepresantlar, anoreksigen maddələr (iştahanı azaldan preparatlar) və lipaz blokatorları da mövcuddur. Yəni bu sahədə çox sayda dərman və maddə var və onların hər biri orqanizmə fərqli şəkildə təsir göstərir. Lakin konkret olaraq hansı dərmanlardan söhbət getdiyi çox vaxt məlum olmur”, - professor vurğulayıb.

A.Qeybulla deyib ki, bu cür preparatlar mütləq həkim tərəfindən təyin edilməlidir: “Çünki artıq çəkinin səbəbləri çox müxtəlifdir: metabolik sindrom, genetik faktorlar, adipos toxuma ilə bağlı genetik pozuntular və digər amillər çəki artımına səbəb ola bilər.
Bu səbəbdən əvvəlcə çəki artıqlığının səbəbi müəyyən edilməlidir. Bu isə qan analizləri və digər müayinələr əsasında aparılır və yalnız bundan sonra uyğun müalicə təyin edilir”.
Onun fikrincə, həkimin təyin etmədiyi, insanların özlərinin hazırladığı arıqlama “reseptləri”ağır fəsadlara yol aça bilər:
“Özbaşına aparılan müalicələr isə təəssüf ki, çox vaxt ağır fəsadlara yol açır. Nəzarətsiz arıqlama halları bəzi xəstələrdə anoreksiya, qidadan tam imtina kimi vəziyyətlərə gətirib çıxarır ki, bu da psixi pozuntularla müşahidə olunur. Bəzi hallarda isə bu xəstələrin müalicəsi olduqca çətin, hətta bəzən mümkünsüz olur.
Bu səbəbdən hesab edirəm ki, bu məsələdə mütləq şəkildə ixtisaslaşmış, hazırda fəaliyyət göstərən peşəkar diyetoloqlara müraciət edilməlidir. Xüsusilə diyetologiya üzrə rezidentura təhsili almış, bu sahədə rəsmi ixtisaslaşması olan mütəxəssislərə üstünlük verilməlidir. Özünü diyetoloq adlandıran, lakin bu sahədə rəsmi tibbi təhsili olmayan şəxslərə deyil, peşəkar və ixtisaslı diyetoloqlara müraciət etmək ən doğru yanaşmadır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız