AZ

“Bu faciə, Sovet imperiyası tərəfindən düşünülmüş və xüsusi qəddarlıqla həyata keçirilmiş böyük bir cinayət idi

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan xalqına qarşı törədilmiş “20 yanvar” faciəsi tarixin ən böyük cinayətlərindən biridir. Və bu cinayəti törədən sovet imperiyası, onun başında duran Mixail Qorbaçov idi. Məsələnin mahiyyəti çox dərin idi. Yəni bu, sadəcə Bakıya qoşun yeridib, günahsız insanların həyatına son vermək deyildi. Törədilmiş bu cinayətin alt məzmunu Azərbaycan xalqının iradəsini qırmaq təşkil edirdi və Qarabağı Azərbaycandan qoparmaq üçün Azərbaycan xalqının mübarizəsinə zərbə vurmaq demək idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Hikmət Babaoğlu danışıb. Deputat qeyd edib ki, eyni zamanda Azərbaycan xalqını qlobal informasiya məkanına cinayətkar, terrorçu, azlıqların hüquqlarını pozan bir xalq kimi təqdim etmək idi: “Bu sovet imperiyası tərəfindən düşünülmüş və xüsusi qəddarlıqla həyata keçirilmiş böyük bir cinayət idi və sovet imperiyası bu cinayəti törədərkən bir çox məqsədə nail olmaq istəyirdi, amma heç birinə nail ola bilmədi. Gəldiyimiz bugünkü tarixi mərhələdə “20 yanvar” da baş verən hadisələri təhlil edərkən, əminliklə deyə bilərik ki, Azərbaycan xalqı öz məqsədinə çatıb və “20 yanvar” şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan Qarabağı da işğaldan azad etməyi bacarıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib”.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu qeyd edib ki, o zamankı Azərbaycan rəhbərliyi düzgün qərarlar verə bilməyib və həmin dövrdə bu cinayəti törədənlərə qarşı heç bir hüquqi məsuliyyətə cəlb məsələsində cəsarət edilməyib. Deputat vurğulayıb ki, 1991-ci ildə ulu öndər Heydər Əliyev ilk dəfə Naxçıvan Ali Məclisində bu məsələni qaldıraraq, siyasi qiymətin verilməsini tələb edib: “1994-cü il yanvarın 18-də Azərbaycan Respublikasının Milli Məclisində bu məsələyə siyasi qiymət verildi. Başda Qorbaçov olmaqla, cinayətkarlar açıq şəkildə göstərildi. Onların cinayət msəuliyyətinə cəlb edilməsi üçün müxtəlif hüquqi prosedurlara başlanıldı. Ancaq dövrün reallıqlarını nəzərə alsaq, görəcəyik ki, biz öz məqsədimizə 2020-ci ildə torpaqlarımızı işğaldan azad etməklə, ərazi bütövlüyümüzü bərpa etməklə və suverenliyimizi Qarabağın hər qarışında bərpa etməklə nail ola bildik. Bu səbəbdən də, bu gün “20 yanvar” faciəsini xatırlayarkən Azərbaycan xalqının və Azərbaycanın azadlığı uğrunda canlarından keçən soydaşlarımız qarşısında alnı açıqdır, üzü ağdır. Çünki onların arzuları bu gün gerçəkliyə çevrilib”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
bizimyol.info

1Mənbələr