AZ

"Yaxın Şərqdə baş verən proseslər əvvəldən hazırlanmış planın bir hissəsidir" -Konfliktoloq

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ona Nobe­l Sülh Mükafatı verilmədiyinə görə artıq dünyanı düşünmək öhdəliyi yoxdur və indi yalnız ABŞ-nin maraqlarını nəzərə ala bilər. Bu barədə ABŞ liderinin Norveçin Baş naziri Yonas Qar Stereyə yazdığı məktubdan məlum olub.

Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, super bir dövlətin başçısına yaraşmayan bir bəyanatdır.

Onun sözlərinə görə, bunu tək bu gün baş verən proseslər kimi dəyərləndirmək də düzgün olmazdı:

"Əslində ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə gəlməsi, Venesuela prezidentinin qaçırılması, İranda baş verən, Yaxın Şərqdə baş verən proseslər hamısı əvvəldən hazırlanmış planın bir hissəsidir. Bu gün də Tramp bəyan edir ki, gah Kanadaya gedib çıxacam, gah oranı zəbt edəcəm, gah buranı. Nəticədə baş verən hadisələr göz qabağındadır. Bu, onun öz şəxsi təşəbbüsü, fikri deyil. Çünki Amerika elə bir dövlətdir ki, bir prezidentlik müddəti ərzində planları həyata keçirmirlər. Strategiyanı əvvəldən müəyyənləşdirirlər, azı 20–30 ilin planlarını tuturlar və həyata keçirirlər".

Müsahibimizin fikrincə, indi dünyada baş verən proseslərin ən başlıca səbəbi odur ki, soyuq müharibə başa çatandan sonra keçmiş sistem dağıldı, amma yeni beynəlxalq nizam formalaşdıra bilmədilər:

"Hal-hazırda Trampı qabağa veriblər və yeni dünya nizamı formalaşdırırlar. Belə görünür ki, dünya nizamının formalaşmasında əsas məqsəd və əsas səbəb güc faktorunu önə çəkməkdir. Çünki böyük güclər, elə ilk növbədə Amerika timsalında deyə bilərik ki, yalnız “harada nə istəyirəm, onu edərəm” prinsipi ilə işləyirlər. Yeni dünya nizamını formalaşdırmaq üçün səy göstərirlər. Ciddi hadisələrin şahidi olacağıq. Çünki bütün dünyanın nizamını pozublar. Bütün dünyanı maraqlandıran mərkəz regionların hamısında xaos yaşanır. Xaosu böyük güclər yaratdılar və istər-istəməz indi özləri də tənzimləməlidirlər. Bütün Yaxın Şərqi darmadağın edib, qan gölünə çevirdilər, indi onu yığışdırmaq lazımdır. Yığışdırmaq üçün də, təbii ki, ilk növbədə güc amili əsas götürüləcək. Çünki demokratiya, insan hüquqları prinsipi ilə başlasaq, hüquq prizmasından baxanda vəziyyəti yığıb-yığışdırmaq mümkün deyil. Ona görə də ABŞ də hara gəldi güc tətbiq edir".

Aytəkin TOFİQQIZI

Seçilən
9
1
redaktor.az

2Mənbələr