“Son günlər keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vaxtilə "AzTV"nin canlı yayımı zamanı efirə gəlməsi ilə bağlı videosu sosial şəbəkələrdə mənim də qarşıma çıxıb. Bu, dövlətçilik baxımından utancverici hadisə idi. Milli İstiqlal Partiyasının rəhbərliyində təmsil olunan şəxslərlə o zamankı hakimiyyət nümayəndələrinin birgə iştirak etdikləri verilişə Daxili İşlər Nazirliyi tərəfindən basqın edilmişdi. Studiyaya girilərək canlı efirdə etik olmayan ifadələr işlədilmişdi. Yumşaq dildə desək, bu, təkcə studiyada olanlara qarşı deyil, bütövlükdə televiziya tamaşaçılarına, xalqa qarşı edilən hörmətsizlik idi. Heç bir halda təqdir oluna biləcək hadisə deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
A.Əlizadə qeyd edib ki, İsgəndər Həmidovun videosu o zamankı hakimiyyətin əslində ölkəni xaos formatında idarə etməsinin bariz nümunəsidir: “Həmin vaxt Milli İstiqlal Partiyasının üzvləri də buna çox ciddi etiraz etdilər. Yadıma gəlir ki, öz etirazlarını bildirmək üçün dərhal telestudiyanın qarşısına minlərlə adam yığışdı. Daxili işlər naziri İsgəndər Həmidov tam olaraq qanundankənar bir addım atmışdı. Azərbaycan üçün utancverici hadisə idi. Bunu indi gündəmə gətirməkdə məqsəd nədir? Bu, başqa söhbətin mövzusu ola bilər, amma heç bir halda təqdir oluna bilinəcək hadisə deyil. İndiki dövrlə də müqayisə oluna bilməz. Azərbaycan dövlətçilik baxımından çox böyük yol keçib. O zaman bir illik hakimiyyət dönəmində bu cür hadisələrin dəfələrlə şahidi olmuşuq. Jurnalistin döyülərək maşının yük yerinə salınıb aparılmasından tutmuş sadalamadığım başqa hadisələr də həmçinin. Bu da onlara bir nümunədir. Daxili işlər naziri İsgəndər Həmidov nümayişkar sürətdə studiyaya daxil olub hamının gözü qarşısında etik olmayan ifadələr işlətmişdi. Bu, o zamankı hakimiyyətə başucalığı gətirməyən addım idi və yaddaşlarda xoşagəlməz iz buraxaraq qalıb. İsgəndər Həmidovun dövlət, xalq qarşısında xidmətlərinin olub-olmamasından asılı olmayaraq konkret fakta qiymət veririksə, olduqca xoşagəlməz addım idi. Dövlət, hakimiyyət nümayəndəsinə heç bir halda başucalığı gətirməyən, yaraşmayan, xalqımızın, millətimizin mentalitetinə uyğun olmayan addım idi”.
Aytəkin Qardaşova