Qahirə, 19 yanvar, AZƏRTAC
İraqın böyük oxucu auditoriyasına malik “əl-Dustur” qəzetində “20 Yanvar... Azərbaycan milli kimliyinin formalaşmasında mühüm dönüş nöqtəsi” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mutəzz Muhy Əbdülhəmid 1990-cı il Qanlı Yanvar hadisələrinin tarixi və nəticələri barədə yazıb.
Yazıda qeyd edilir ki, tarixi hadisələr xalqların həyatında milli kimliyin formalaşmasında həlledici amildir. Azərbaycanda 36-cı ildönümünün qeyd edildiyi 20 Yanvar hadisələri milli azadlıq hərəkatının siyasi reallığa çevrilməsində və Azərbaycan xalqının milli müstəqillik uğrunda mübarizəsini gücləndirməkdə tarixi rol oynayıb.
Məqalədə vurğulanır ki, 20 Yanvar qırğını beynəlxalq qanunların və konvensiyaların kobud şəkildə pozulması və açıq təcavüz aktı idi. Keçmiş sovet ordusunun əsgərləri kommunist dövlətini dağılmaqdan və süqutdan xilas etmək adı altında Bakıya və Azərbaycanın digər rayonlarına yeridilmiş və dinc etirazçılara hər tərəfdən atəş açaraq onları qətlə yetirmişdir.
Müəllif məqalədə Ümummilli Lider Heydər Əliyevin faciə ilə bağlı qətiyyətli mövqeyinə toxunur. Qeyd olunur ki, faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rejiminin informasiya blokadasını yarmağa müvəffəq olmuş və Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətin üstünü açaraq kütləvi qırğınlar haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdı.
Yazıda bildirilir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının dözümünün, qətiyyətinin və azad iradəsinin gücünü nümayiş etdirdi. Həmin vaxt Bakıda sovet ordusu tərəfindən komendant saatı tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 22 yanvar tarixində şəhərin Azadlıq meydanında 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün toplaşdı və Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində təxminən iki milyon insan iştirak etdi.
Bu tarixi hadisə Azərbaycan milli kimliyinin formalaşmasında həlledici amil olmaqla yanaşı, milli müstəqilliyin bərpasının da əsas səbəbi oldu. Yanvar faciəsi milli azadlıq hərəkatını siyasi reallığa çevirdi və Azərbaycan xalqının azad milli müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə