Ölkəmizdə mobil telefonlara gələn bezdirici reklam mesajları uzun illərdir ki, vətəndaşları narahat edir. Abonentlər bu mesajlardan necə qurtula biləcəklərini soruşsa da, mobil operatorlar məsuliyyəti üçüncü şirkətlərin üzrəinə atır, “biz heç nə edə bilmirik” deyirlər. Bəzən isə problemi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzərinə atırlar ki, qurum bunun qarşısını ala bilər və sairə… Bununla da mobil operatorlar özlərini sudan quru çıxararaq məsuliyyəti azaldırlar. Amma hazırda bundan da ciddi “Bizim pul verib aldığımız MB-lar bizdən xəbərsiz hara gedir”sualı və onun cavabıdır.
Abonentlərin pul verərək aldığı internet MB-ları onların xəbəri olmadan istifadə olunur, mobil operatorların və reklam şirkətləri cibini doldurur, vətəndaş isə pul xərcləyir…
Pul ödəyib aldığımız MB-lar hara gedir? Bu sualın cavabını yəqin ki, bu gün nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nə də mobil operatorların rəhbərliyi verə bilməyəcək. Ona görə yox ki, cavabı bilmirlər, ona görə ki, bu sualın cavabında məsuliyyət və vətəndaşın cibinə illərdir girdikləri böyük yük var…
Bu gün Azərbaycanda hər kəs abonet olduğu mobil operatorun internet xidmətindən istifadə edir. İnsanlar limitli və ya limitsiz internet alır, məlumatlara baxır, işlərini görür. Amma adətən istifadə etdikləri MB-ların dəqiq miqdarını bilmirlər; nə nə qədər işlədiblər kimi göstərimlər yoxdur, yalnız trafik bitdikdə xəbər tuturlar. Statustika yox, hesabat yox, məsuliyyət yox… Heç bir provayder, mobil rabitə şirkəti vətəndaşın pul verib aldığı MB-ların hara xərcləndiyi statistikanı göstərmir, gün ərzində nə qədər MB istətdiyinin statistikasını vermir. Sadəcə MB bitdikdə mesaj gəlir, vəssalam.
Çünki, əgər abonent görsə ki, gün ərzində 300 MB heç nə etmədən gedib, bunun 150 MB‑ı reklam, sistem, tracking-dir, o zaman sual verəcəksən, etiraz edəcəksən, paket almağı azaldacaqsan. Bu operatora sərf etmir. Əgər detallı statistika olsa istifadəçi hesab soruşacaq, operator izah verməli olacaq. Hazırkı model isə belədir – “MB bitdi- yenisini al”. Bu, qəsdən qurulmuş qeyri‑şəffaf modeldir.
Araşdırmalarımız göstərir ki, istifadəçilərin interneti onların icazəsi olmadan reklam şirkətləri , elə mobil provayder tərəfdindən gen-bol istifadə olunur.
Məsələn, internetdə video izləyərkən, hansısa bir məlumatla tanış olarekən gözlənilmədən ekrana reklam videoları çıxır. Abonent həmin reklamı 10-15 saniyə izləməyə məcbur olur. Nəticədə həm vaxt gedir, həm də pul ödəyərək alınan MB-lar reklam şirkətlərinə “axır”. Beləliklə, abonent öz internetindən istifadə etdiyini düşünərkən, əslində bir hissəsi mobil operator və reklam şirkətlərinə xidmət edir. Pul verib MB alan abonent niyə bu reklamları görməlidir? Onun bu reklamları görməsi üçün hansı istəyi, arzusu var?

Bu fürsətdən kim qazanır?
Araşdırmalar göstərir ki, bu vəziyyətdə qazananlar mobil operatorlar və reklam verən şirkətlərdir. Operatorlar bu reklamların qarşısını almaqda maraqlı olmalı olduqları halda bunu etmirlər, əksinə, abonentlərin internet MB-larından xəbərsiz istifadə etmək onlara gəlir gətirir.
Mobil operatorlar bu cür xidmətləri deaktiv etmir, nəticədə abonentlər məcburən lazımsız reklamlara baxmalı olurlar. Bu, həm abonentin vaxtını alır, həm də onun pulunu “axıdır”.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mobil operatorlara fəaliyyət üçün lisenziya verir və abonentlərin hüquqlarının qorunmasını təmin etməlidir. Lakin praktika göstərir ki, bu nəzarət həyata keçirilmir, mobil operatorlar reklam vasitəsilə gəlir əldə edərkən, nazirlik sadəcə susub baxır. Bəlkə də, sadəcə susub baxmır, kimin hardan, necə qazandığını da izləyir, bəlkə də bu qazancdan o da qazanır… Hər halda məlum olan budur ki, pul ödəyib MB alan vətəndaşın pulu sürətlə kiminsə hesdabına, cibinə axır…
Bu vəziyyətsən əm mobil operatorlar, həm də digər internet provayderləri (AzTelekom, Baktelekom və s.) abonentlərin xəbərsiz internet istifadəsindən qazanc əldə edərək məmnun görünürlər.
Elə isə abonentlər nə etməlidir?
Eksperlər bildirir ki, hazırkı vəziyyətdə abonentlər əllərindəki vasitələrlə bu problemi tam həll edə bilmirlər. Lakin aşağıdakı addımlar bir qədər azalma gətirə bilər. Mobil brauzer və proqramların reklam bloklayıcılarından istifadə etmək, video və banner reklamların bir hissəsini məhdudlaşdırır. Operatora rəsmi müraciət etmək, abonent şikayəti edərək hüquqlarını tələb edə bilərlər.
Beləliklə, Azərbaycanda mobil internet xidmətlərində abonentlərin pulunun icazəsiz istifadə olunması illərdir ciddi problem olaraq qalır. Mobil operatorlar və reklam şirkətləri abonentin xəbərsiz MB-larını gəlir mənbəyi kimi istifadə edir, nazirlik isə yetərli nəzarət həyata keçirmir.
Bu problem yalnız abonentlərin cibinə zərbə vurmur; eyni zamanda internetin etibarlı və şəffaf istifadəsi prinsiplərini də pozur. Bu mövzunun ciddi araşdırılması, qanuni tənzimləmələrin tətbiqi və operatorların məsuliyyətinin artırılması labüddür.
Ədil Hüserynov
Bizimesr.az