AZ

ABŞ və İsrailin İranda yaratdığı SAVAK – zindanı hələ də istifadə olunur

Tehranın şimalında, elit Dərbənd rayonuna bitişik Evin adlı solğun məhəllə var. Bura beynəlxalq səviyyədə siyasi məhbuslar üçün həbsxana ilə daha çox tanınıb. İranda etirazların bir çox fəal iştirakçısı həbs olunduqdan sonra bu yerə aparılıb. Lakin ərazi islam inqilabından əvvələ aiddir: o, 1972-ci ildə şahın dövründə iğtişaşların və inqilabların qarşısını almaq üçün tikilib və əvvəldən siyasi məhbuslar üçün nəzərdə tutulub.

“SAVAK” – orijinalda fars dilində olan bu qısaltma Dövlət İnformasiya və Təhlükəsizlik Xidmətini (Sazman-e Ettelaat va Amniyat-e Keshvar) ifadə edib. Şah Rza Pəhləvi 1952-1953-cü illərdə hakimiyyətini itirmək üzrə olduqdan sonra gizli polis yaratmaq qərarına gəlib. O dövrdə İranın baş naziri mütərəqqi millətçi və mülayim sosialist olan Məhəmməd Müsəddiq olub. O, bu vəzifəyə 1951-ci ilin aprel ayının sonlarında parlament tərəfindən təyin edilib. Siyasətçi Britaniya İngiltərə-İran neft şirkətinə məxsus neft konsessiyalarının milliləşdirilməsi haqqında qanunun qəbul edilməsində fəal iştirak edib.

3e4ecd38-dedb-4b9a-8541-75f57f612cc3.jpeg

Müvafiq qanunun qəbul edilməsinə qədər Britaniya İranın “qara qızıl” istehsalının əsas hissəsini əldə edib. Lakin 15 mart 1951-ci ildə hər şey dəyişib. Məhəmməd Müsəddiq təbii sərvətlərin milliləşdirilməsinin simvoluna çevrilib. Buna cavab olaraq, Britaniya hökuməti parlamentin qərarını ləğv etmək üçün təzyiq göstərməyə başlayıb. Lakin siyasətçi qətiyyətlə mövqeyində qalıb və bütün Britaniya mütəxəssislərini və məsləhətçilərini ölkədən qovub, daha sonra, 1952-ci ilin oktyabrında Britaniya ilə diplomatik münasibətləri tamamilə kəsib.

Bundan əlavə, o, “Tudə” (Tudeh) kommunist partiyasının ölkədəki fəaliyyətinə çox dəstək verib. Bu fakt ABŞ-ni narahat edib. Britaniya və ABŞ Məhəmməd Müsəddiq hökumətini sarsıtmaq üçün İran neftinə embarqo tətbiq ediblər. Bunun da təsiri olub: kəskin iqtisadi böhran İran boyunca on minlərlə insanı küçələrə çıxarıb. Lakin onlar baş nazirə və hökumətə qarşı deyil, İranda Qərbin maraqlarının əsas müdafiəçisi olan Rza Pəhləviyə qarşı etiraza çıxıblar. Nümayişlərə “Tudə” partiyasından olan kommunistlər və Məhəmməd Müsəddiqin rəhbərlik etdiyi “Milli Cəbhə” fəalları rəhbərlik ediblər. Şəhərlərdə etirazçılar şahın abidələrini dağıdıblar. Şah ölkədən qaçmağa məcbur olub və əvvəlcə Bağdada, daha sonra isə Romaya köçüb.

eb94fcbb-6404-4478-b3c8-3b3d6824dc11.jpeg

ABŞ radikal tədbirlər görmək qərarına gəlib. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) hökumətdən Məhəmməd Müsəddiqin hakimiyyətdən uzaqlaşdırılması əməliyyatı üçün 19 milyon dollar alıb – o vaxtlar bu məbləğ çox böyük olub. Çevriliş 19 avqust 1953-cü ildə baş verib. Həmin gün general Fəzlullah Zahidinin (keçmiş İran daxili işlər naziri, 1951-ci ildə baş nazir tərəfindən vəzifəsindən azad edilmiş) komandanlığı altında olan tanklar da daxil olmaqla ordu bölmələri Tehran küçələrinə yerləşdirilib. Artilleriya və pulemyotlar nümayişçilərə atəş açıb.

İki yüz nəfər həlak olub, beş yüz nəfər yaralanıb və etirazçılar hər tərəfə səpələniblər. Həmin axşam hərbçilər Məhəmməd Müsəddiqin evini tanklarla atəşə tutduqdan sonra baş naziri həbs ediblər. Fəzlullah Zahidi Romadakı şaha mesaj göndərərək ona qayıda biləcəyini bildirib. Rza Pəhləvi taxt-tacın oğlu Məhəmmədrzaya keçməsinə razı olub. Bundan əlavə, üsyançı lider dərhal Britaniyanın güzəştlərini geri qaytarıb.

“Tudə” partiyasının və ya ölkə daxilində başqa birinin yenidən onun hakimiyyətinə müdaxilə edə biləcəyi qorxusu Məhəmmədrza Pəhləvini müxalifətlə ən qəddar şəkildə mübarizə aparacaq repressiv bir struktur yaratmaq lazım olduğuna qərar verməyə vadar edib. Səfirlərin məsləhəti ilə şah “SAVAK”-ı qurub.

bda91e32-494c-45a4-a89d-aeff230995aa.jpeg

“SAVAK” rəsmi olaraq 20 mart 1957-ci ildə təsis edilib. Lakin bu strukturun əsas hissəsi amerikalı mütəxəssislərin rəhbərliyi altında bundan bir neçə il əvvəl formalaşıb. Teymur Bəxtiyar şahın gizli polisinin ilk rəisi olub. 19 avqust 1953-cü il qiyamı zamanı o, Tehranda şah əleyhinə nümayişlərin güllələnməsində iştirak edən zirehli briqadaya komandanlıq edib. Daha sonra o, “Tudə” partiyasının üzvlərinə və Məhəmməd Müsəddiq hökumətinin nazirlərinə qarşı repressiv kampaniyanın rəhbəri olub.
Formal olaraq, adətən dövlət təhlükəsizlik orqanlarında olduğu kimi, Rza Pəhləvinin imzaladığı qanuna uyğun olaraq, “SAVAK” cəmiyyətin təhlükəsizliyinə, İranın mövcudluğuna, rifahına və çiçəklənməsinə təhdid yaradan qüvvələrlə mübarizə aparmalı olub. “SAVAK” zabitlərinə ABŞ, Britaniya və İsrail kəşfiyyat orqanları təlim keçiblər.

“SAVAK” ofislərini hündür divarların arxasındakı gözə çarpmayan daş evlərdə və villalarda yerləşdirib. Onların üzərində ya heç bir yazı olmayıb, ya da mövcud olmayan ofis və şirkətlərin işarələri olub. İnsan sadəcə küçədən və ya evdən yoxa çıxıb və daha onun haqqında heç nə eşidilməyib. Ən yaxşı halda, bir neçə ay sonra işgəncə görən və zehni sarsıntı keçirən halda geri qayıdıb. Tehranda iki “SAVAK” həbsxanası fəaliyyət göstərib. Birincisi yuxarıda adı çəkilən Evin rayonunda, ikinci əsas gizli polis həbsxanası isə paytaxtın mərkəzində, İslam inqilabından əvvəl Tubxanə adlanan və sonradan “İmam Xomeyni meydanı” adlandırılan meydanda yerləşən məhkəməyəqədər saxlama mərkəzi olub.
Hər iki həbsxana alman memarlarının layihələri əsasında inşa edilib. Evin 1972-ci ildə, xüsusilə “SAVAK”-ın məqsədləri üçün inşa edilib. Məhkəməyəqədər saxlama mərkəzi 1930-cu illərin ortalarında, Rza şah Pəhləvinin dövründə inşa edilib.

0f38215a-fa97-462e-93d1-9a6b1c7f077f.jpeg

1972-ci ildə məhkəməyəqədər saxlama mərkəzi “SAVAK”-ın şöbələrindən birinin – Təxribatla Mübarizə üzrə Birgə Komitənin nəzarətinə keçib. Orada İsrailin daxili təhlükəsizlik xidməti olan “Şabak”ın mütəxəssisləri tərəfindən təlim keçmiş ən peşəkar dindiricilər çalışıb.

1979-cu ildə, fevralın 1-də şah tərəfindən rüsvay edilən ayətullah Ruhullah Musəvi Xomeyni İrana qayıdaraq hakimiyyəti ələ keçirib. O vaxta qədər “SAVAK” artıq özünü ləğv edib və işçiləri xaricə gizlənməyə və qaçmağa çalışıblar. Bəziləri buna nail olublar. Məsələn, istintaq təcridxanasının rəisi Pərviz Sabeti ABŞ-yə gedib. O, hələ də orada yaşayır, 87 yaşı var. Yeni hökumətin tərəfdarları ardıcıl olaraq 22 il “SAVAK”-a rəhbərlik etmiş dörd generalın hamısını ələ keçirməyi bacarıblar. Hamısı xalq məhkəməsindən sonra edam edilib. Bəzi gizli polis zabitləri isə tutulduqdan sonra yerindəcə öldürülüb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
71
editor.az

1Mənbələr