AZ

“Hindistanın addımı Azərbaycanla münasibətlərə soyuqluq gətirir” -Tural İsmayılov

"Hindistandan Ermənistana “Pinaka” idarəolunan raket sistemlərinin ilk partiyasının göndərilməsi Cənubi Qafqazda onsuz da kövrək olan təhlükəsizlik balansını qəsdən pozmağa yönəlmiş növbəti destruktiv addımdır. Hindistanın müdafiə naziri Racnat Sinqhin bu ixraca bizzat rəsmi start verməsi Dehlinin bu prosesi sadəcə kommersiya sövdələşməsi deyil, həm də açıq bir geosiyasi nümayiş kimi qəbul etdiyini təsdiqləyir. Politoloji nöqteyi-nəzərdən, Hindistanın Ermənistanı aktiv şəkildə silahlandırması arxasında duran əsas məqsəd heç də ticarət dövriyyəsini artırmaq deyil. Burada əsas hədəf Azərbaycanın beynəlxalq müstəvidəki artan nüfuzuna, xüsusilə Türkiyə və Pakistanla olan strateji müttəfiqliyinə qarşı “əks-çəki” yaratmaq cəhdidir. Hindistan “Pakistanın dostu mənim düşmənimdir” kimi bəsit və təhlükəli bir məntiqlə hərəkət edərək, Cənubi Qafqazı özünün Cənubi Asiyadakı rəqabət poliqonuna çevirməyə çalışır. Rəsmi İrəvan isə 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətindən dərs çıxarmaq əvəzinə, regiona yad olan güclərin əlində alətə çevrilərək yeni bir silahlanma yarışı və revanşizm xəyallarına qapılır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Xatırladaq ki, Hindistandan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyası göndərilib. Hindistanın müdafiə naziri Racnat Sinqh “Pinaka” raketlərinin ixracına Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) şirkətinin zavodunda rəsmi start verib. Qeyd edək ki, Ermənistan Hindistanla 4 ədəd “Pinaka” batareyasının tədarükünü nəzərdə tutan saziş imzalayıb. Keçən ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının həcminin 600 milyon dollara çatdığını yazıb.

Siyasi şərhçi qeyd edib ki, Hindistanın bu addımı Azərbaycan–Hindistan münasibətlərində ciddi və uzunmüddətli soyuqluğa səbəb ola bilər.

Seçilən
14
aznews.az

1Mənbələr