Son illər aviaşirkətlərin tətbiq etdiyi qaydalardan biri də təyyarədə yanaşı oturmaq üçün əlavə ödəniş tələb olunmasıdır.Metbuat.az-ın məlumatına görə, əksər aviaşirkətlərdə bilet alınarkən sərnişin üçün avtomatik oturacaq təyin edilir. Bu zaman eyni biletlə səyahət edən şəxslərin, o cümlədən ailə üzvlərinin və ya dostların yanaşı oturacağına zəmanət verilmir. Yanaşı və ya konkret oturacaq seçmək istəyənlər əlavə ödəniş etməli olurlar. Bu praktika əsasən aşağıbüdcəli aviaşirkətlərdə geniş yayılıb. "Ryanair", "Wizz Air", "easyJet", "Jet2" kimi şirkətlərdə ən ucuz biletlərə oturacaq seçimi daxil deyil. ABŞ-da isə "American Airlines", "Delta" və "United" aviaşirkətlərinin "Basic Economy" biletlərində öncədən yer seçmək ödənişlidir. "British Airways" kimi bəzi klassik aviaşirkətlərdə də aşağı tariflərdə bu xidmət ayrıca təqdim olunur.Azərbaycan Hava Yollarında (AZAL) da sərnişin yer seçimi etmədikdə sistem avtomatik oturacaq ayırır, lakin konkret yer istənildikdə əlavə ödəniş tələb oluna bilər.Mütəxəssislər sərnişinlərə bilet alarkən seçilən tarifin hansı xidmətləri əhatə etdiyini diqqətlə oxumağı və əlavə xərclərlə sonradan qarşılaşmamaq üçün əvvəlcədən məlumatlanmağı tövsiyə edirlər.Sevinc İbrahimzadə / Metbuat.az