ain.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində su çiçəyinə yoluxmada artım müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, sözügedən dövrdə həm də brusellyoz, kəskin hepatit B, qoturluq ilə xəstələnmə hallarında da artım olub. Ötən il qeydə alınmış xəstəliklər sırasında tənəffüs orqanları, həzm orqanları, qan dövranı sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatı xəstəlikləri, sinir sistemi xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanları xəstəlikləri üstünlük təşkil edib.Bu barədə neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib ki, su çiçəyi əsasən uşaqlıq dövrünün infeksiyasıdır:“Yoluxma çox sürətlə, xüsusilə kollektivlərdə bağça və məktəblərdə yayılır. Son illərdə pandemiya dövründə uşaqların uzun müddət evdə qalması nəticəsində təbii yoluxma səviyyəsi azalmışdı və indi immuniteti formalaşmamış uşaqların sayı artıb. Digər mühüm faktor mövsümi dəyişikliklər və payız–qış aylarında qapalı məkanlarda sıx təmasın çoxalmasıdır. Bundan əlavə, valideynlərin bir hissəsinin su çiçəyini yüngül xəstəlik kimi qiymətləndirməsi vaxtında həkimə müraciətin gecikməsinə və virusun daha geniş yayılmasına səbəb olur. Halbuki su çiçəyi bəzi uşaqlarda ağırlaşmalar, yüksək hərarət, dəri infeksiyaları və nadir hallarda sinir sistemi fəsadları yarada bilər. Artım onu göstərir ki, maarifləndirmə işlərinə daha çox ehtiyac var. Valideynlər xəstəliyin ilk əlamətlərini hərarət, halsızlıq və səpgiləri gördükdə uşağı dərhal kollektivdən ayırmalı və pediatra müraciət etməlidirlər”. O bildirib ki, uşaqların immunitetinin gücləndirilməsi, düzgün qidalanma və gigiyena qaydalarına riayət olunması profilaktik baxımdan çox önəmlidir:“Su çiçəyi ilə bağlı yoluxmaların artması epidemioloji nəzarətin və valideyn məsuliyyətinin gücləndirilməsinin vacibliyini göstərir. Vaxtında tədbir görülərsə, həm yoluxma zəncirini qırmaq, həm də ağırlaşmaların qarşısını almaq mümkündür. Burada əsas məsuliyyət valideyn və ailə həkimlərinin üzərinə düşür”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.