AZ

Azərbaycanın qlobal iqtisadi və siyasi proseslərdə artan rolunun növbəti təsdiqi



Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfəri Azərbaycanın qlobal iqtisadi və siyasi proseslərdə artan rolunun növbəti təsdiqidir. Ümumdünya İqtisadi Forumu müasir dünyanın əsas çağırışlarının – iqtisadi inkişaf, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, rəqəmsal transformasiya və geosiyasi risklərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma kimi çıxış edir. Bu platformada səslənən fikirlər və aparılan müzakirələr təkcə qlobal gündəliyi formalaşdırmır, eyni zamanda ayrı-ayrı ölkələrin gələcək inkişaf istiqamətlərinə də ciddi təsir göstərir.

Azərbaycanın bu forumda yüksək səviyyədə təmsil olunması ölkənin son illərdə əldə etdiyi iqtisadi sabitliyin, regional liderlik mövqeyinin və etibarlı tərəfdaş imicinin nəticəsidir. Xüsusilə enerji sahəsində həyata keçirilən strateji layihələr, Avropanın enerji təhlükəsizliyinə verilən töhfələr və nəqliyyat-logistika imkanlarının genişlənməsi Azərbaycanın beynəlxalq iqtisadi sistemdə əhəmiyyətini artırıb. Bu baxımdan forum çərçivəsində aparılan görüşlər və müzakirələr Azərbaycan üçün yeni investisiya imkanlarının açılması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqların qlobal auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumdünya İqtisadi Forumu həm də dövlətlə özəl sektor, siyasətlə iqtisadiyyat arasında körpü rolunu oynayır. Azərbaycanın burada irəli sürdüyü mövqelər ölkənin yalnız enerji ixracatçısı deyil, eyni zamanda dayanıqlı inkişaf, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində iddialı hədəflərə malik bir dövlət olduğunu nümayiş etdirir. Bu kontekstdə Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajlar Azərbaycanın qlobal çağırışlara rasional və praqmatik yanaşmasını, beynəlxalq əməkdaşlığa açıq olduğunu bir daha göstərir.

Nəticə etibarilə, Dünya İqtisadi Forumunda iştirak Azərbaycan üçün sadəcə beynəlxalq tədbirdə təmsilçilik deyil, qlobal proseslərin bir parçası olmaq, söz sahibi kimi çıxış etmək və milli maraqları dünya miqyasında irəli aparmaq imkanının ifadəsidir. Bu iştirak ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyasının qlobal trendlərlə uzlaşdırıldığını da aydın şəkildə ortaya qoyur.

Əfsanə İbrahimova, politoloq
Seçilən
113
newscenter.az

1Mənbələr