Suriya ordusu Mənbicin cənub-qərbində yerləşən Tişrin bəndinə nəzarəti ələ keçirib. Metbuat.az xəbər verir ki, ordu hərbi əməliyyat nəticəsində əvvəllər YPG terror təşkilatı tərəfindən işğal edilmiş Tişrin bəndini tam nəzarətə alıb. Bildirilir ki, Suriya ordusunun başlatdığı əməliyyat zamanı bənd ətrafında şiddətli toqquşmalar baş verib. Toqquşmalardan sonra terrorçular geri çəkilib. Məlumata görə, həmçinin Suriya ordusu yerli üsyanları və qəbilə qüvvələrinin etirazları nəticəsində YPG terror təşkilatından geri alınan Rəqqa bölgəsinə qüvvələr cəmləşdirir. Məlumata görə, Suriya ordusuna məxsus çoxsaylı hərbi karvanlar Rəqqaya doğru yola düşüb. Tanklar, çoxsaylı raket atıcıları və zenit toplarından ibarət qüvvələr şəhərə doğru irəliləyir.
Qeyd edək ki, Suriya prezidenti Əhməd Şara, hökumətlə YPG terror təşkilatı arasında tam inteqrasiyanı nəzərdə tutan razılaşmanın imzalandığını açıqlayıb.