AZ

Varşavada 20 Yanvar faciəsinin 36-cı ildönümü ildönümü qeyd olunub  

Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib. Anım tədbiri çərçivəsində Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri üçün mühazirə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 20 Yanvarın 36-cı ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib.

Səfir Nərgiz Qurbanova bildirib ki, 20 Yanvar 1990-cı il hadisələri Azərbaycan xalqının müstəqillik mübarizəsi tarixində silinməz iz qoymuş faciəvi və eyni zamanda, şərəfli bir səhifədir. Onun sözlərinə görə, bu qanlı gecədən 36 il keçməsinə baxmayaraq, 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın yaddaşında daim yaşayır. Səfir vurğulayıb ki, həmin gecə milli azadlıq və suverenlik arzusu ilə küçələrə çıxmış dinc və silahsız əhaliyə qarşı ağır hərbi təcavüz həyata keçirilib, onlarla insan qətlə yetirilib, yüzlərlə sakin yaralanıb. Bu hadisə totalitar rejimin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət kimi tarixə düşüb.

Nərgiz Qurbanova 1980-ci illərin sonlarında Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını, xalqın uzun illər davam edən ədalətsizliklərə, hüquqlarının tapdanmasına, erməni separatizminə və mərkəzi hakimiyyətin qərəzli siyasətinə qarşı etiraz etdiyini diqqətə çatdırıb. O bildirib ki, bu etirazların qarşısını almaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının silahlı qüvvələri Bakıya yeridilib və fövqəladə vəziyyət elan edilməzdən əvvəl həyata keçirilən bu əməliyyat nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, dinc və silahsız əhali ağır silahlardan atəşə tutulub.

Səfir qeyd edib ki, 20 Yanvar faciəsi zamanı 150 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Nərgiz Qurbanova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu terror aktına açıq şəkildə etiraz edərək ona ilk siyasi qiymət verdiyini xatırladıb. Bildirilib ki, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib, mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsini qanuna, demokratiyaya və insanlığa zidd bir hərəkət kimi qətiyyətlə pisləyib.

Səfir vurğulayıb ki, 20 Yanvar hadisələri təkcə hərbi təcavüz deyil, həm də insanlığa qarşı törədilmiş ağır cinayət idi. Sovet ordusunun hərəkətləri beynəlxalq hüquq normalarına zidd olub, vətəndaşların yaşamaq, azadlıq və təhlükəsizlik hüquqları kobud şəkildə pozulub. Bu faciə Azərbaycan xalqının totalitar rejimə inamını tamamilə sarsıdıb və müstəqillik ideyasını geri dönməz bir yol kimi möhkəmləndirib.

Eyni zamanda, Nərgiz Qurbanova 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu qeyd edərək bildirib ki, həmin gecə canlarını fəda edən Vətən övladları milli azadlıq və müstəqillik uğrunda şəhidlik zirvəsinə ucalıblar. Onların fədakarlığı sonrakı illərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolun mənəvi təməlini təşkil edib. Səfir 1991-ci ildə müstəqilliyin elan edilməsinin məhz bu şəhidlərin qanı və xalqın sarsılmaz iradəsi bahasına mümkün olduğunu vurğulayıb.

Tədbir çərçivəsində tələbələrə 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarət slaydlar nümayiş olunub. Sonda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Həmçinin səfirliyin önündə 20 Yanvar faciəsinin 36-cı ildönümü – Ümumxalq Hüzn Günü ilə əlaqədar xatirə guşəsi yaradılıb.

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr