AZ

Yasamalda qiymətlər niyə Ağ şəhərə çatır?

“Park Yasamal” yaşayış kompleksində tam təmirli, yaşayışa hazır və sahəsi 72,56 kvadratmetr olan mənzil üçün hissəli ödənişlə ümumilikdə 517 min 265 manat ödənilir. İlkin ödəniş 20 faiz (44 min 705 manat), aylıq ödəniş isə 20 il müddətinə 1969 manat təşkil edir. Bu hesablamaya görə, mənzilin bir kvadratmetrinin qiyməti təxminən 7129 manata düşür. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına əsasən, Ağ şəhər layihəsində bir kvadratmetrin qiyməti 8 min manatı keçir. İki ərazi arasında ciddi fərqlər olduğu halda, qiymətlərin bu qədər yaxın olmasının, xüsusilə Yasamal kimi ərazi üçün belə yüksək olmasının əsas səbəbləri nədir?Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, bu hesablama real bazar dəyərini əks etdirmir, çünki real bazar dəyəri məhz nağd alış zamanı formalaşır. Kreditlə müəyyən müddət ərzində ödənilən məbləğ isə bazar dəyəri kimi qəbul edilə bilməz: “Belə ki, qeyd edilən faizlər ona görə əlavə olunur ki, ödəniş bu gün həyata keçirilmir. Maliyyə prinsiplərinə əsasən, növbəti illərdə ödəniləcək vəsaitlər bu günün pulu kimi deyil, gələcək dövrlər üçün hesablanmış məbləğlər kimi dəyərləndirilir. Məsələn, bu gün “Park Yasamal” layihəsində 72 kvadratmetrlik mənzili nağd almaq üçün qeyd edilən məbləğin təxminən yarısını ödəmək kifayət edər ki, bu da real bazar dəyinə uyğun gəlir”.V.Oruc qeyd edib ki, kreditlə alış zamanı vətəndaş əlavə faizlər ödədiyindən, faizlərlə birlikdə formalaşan məbləğ bazar dəyərindən kənar, şişirdilmiş rəqəm kimi görünür. Bu, artıq kreditin məzmununda əks olunan maliyyə göstəriciləridir: “Məhz buna görə də belə bir nəticə yaranır ki, kreditlə ödəniş bazar dəyərini əks etdirmir. Kredit ödənişi konkret maliyyə formuludur və burada əmlakı kreditlə təqdim edən tərəfin riskləri, maliyyə riskləri nəzərə alınır, sığortalanır və nəticədə yekun məbləğ yüksəlir. Burada əsas müzakirə mövzusu faizlərin yüksək olmasıdır. Vətəndaş da məhz bu faizlərdən şikayət edə bilər. Çünki rəsmi statistikaya əsasən, illik inflyasiya orta hesabla 4–6 faiz, bəzi illərdə isə maksimum 9–12 faiz civarında olub. Rəsmi inflyasiya göstəricilərindən xeyli yüksək faizlə kredit verilməsi nəticəsində yekun məbləğ də bu qədər böyük görünür. Əslində isə vətəndaş həmin məbləği nağd şəkildə ödəsə, ehtimal ki, sözgedən ərazidə 72 kvadratmetrlik mənzil maksimum 300 min manat civarında təklif oluna bilər ki, bu da mövcud real bazar dəyərləri ilə uyğunlaşır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
81
metbuat.az

1Mənbələr