Bakı, 20 yanvar, AZƏRTAC
Millətə məxsus dil onun milli mövcudluğunun əsasında dayanır. Bu mənada dilimizə münasibətimiz milli kimliyimizə münasibəti şərtləndirir. Ana dilimizi qorumaq milli kimliyimizi mühafizə etməyin ən əsas şərtidir. Bütün digər şərtlərlə bərabər xalqın millətə çevrilməsində milli özünüdərk amili həlledici rol oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim Təyyar Salamoğlu deyib.
Onun sözlərinə görə, milli özünüdərkin əsasında milli şüurun formalaşması əsas şərtlərdən biridir. “Milli şüur milli mənafeyi həlledici amil kimi önə çəkməyi zəruri edir. Prezidentimiz xüsusi olaraq və həyəcanla vurğulayanda ki, “yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”, hər bir Azərbaycan vətəndaşını milli varlığımızın mövcudluğu, gələcək taleyi uğrunda mübarizəyə və əməli işə səsləyir. Təkcə dilimizin saflığı yox, həm də milli mövcudluğumuz, millət kimi tarixdən gələn varlığımız, milli özünütəyin keyfiyyətləri təhlükələrlə üz-üzədir. Dünyanın qloballaşması qaçılmaz siyasi prosesdir və milli mövcudluğun perspektivləri baxımından yaxşı heç nə vəd etmir. Buna görə də hər bir millətin qloballaşan dünyaya mənəvi müqaviməti zəruri şərt kimi irəli çıxır. Biz qloballaşan dünyaya milli mövcudluq atributlarımızı qoruyaraq, onu hər vəchlə hifz edərək, azərbaycanlı kimi getməliyik”,- deyə T.Salamoğlu əlavə edib.
Dilin saflığı uğrunda mübarizə istiqamətində təməl prinsiplərdən söhbət açan professor deyib: “Özül sağlam deyilsə, uğurdan söhbət gedə bilməz. Qloballaşan dünyanın milli cəmiyyətlər üçün yaratdığı problemlərdən biri də qlobal dünya dili olan ingilis dilinin milli cəmiyyətin həyatına vaxtsız-vədəsiz, pərakəndə şəkildə daxil ola bilməsi ilə bağlıdır. Milli şüur, milli özünüdərk lazımi səviyyədə olmadığı üçün biz çox vaxt Vətən, millət və dövlətimizin mənafeyi ilə düşünə bilmirik. Bu məsələ ilə bağlı maarifçilk işi də yox dərəcəsindədir”.