AZ

Britaniyada 16 yaşdan aşağı şəxslərə sosial media qadağası ilə bağlı məsləhətləşmələr başlayıb

London, 20 yanvar, AZƏRTAC

Böyük Britaniya hökuməti 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı məsləhətləşmələrə start verir.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, bu addım hökumətin öz partiyası daxilində, onlarla deputatın təzyiqi fonunda atılır. Əvvəllər belə bir qadağaya qarşı çıxan hökumət son günlər mövqeyini yumşaldıb və indi Avstraliya modelinə bənzər siyasətin tətbiq olunub-olunmaması ilə bağlı ictimai və institusional müzakirələr aparılacaq.

Məsləhətləşmələr çərçivəsində yaşın təsdiqlənməsi texnologiyalarının dəqiqliyinin artırılması, müəyyən məzmunlar üçün minimum yaş tələblərinin icrası kimi məsələlər araşdırılacaq.

Eyni zamanda Təhsil Nazirliyi məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı gücləndirilmiş tövsiyələr dərc edəcək. Yeni yanaşmaya görə, məktəblərin telefonsuz mühit olması daha aydın şəkildə vurğulanacaq. Lakin hökumət bu mərhələdə tam qadağa ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürməyəcək. Bu qərarlar Leyborist deputatların, kampaniyaçıların və müxalif Mühafizəkar Partiyanın hökumətə onlayn mühitdə uşaqların qorunması üçün daha sərt addımlar atılması istiqamətində göstərdiyi güclü təzyiqlərdən sonra qəbul olunub.

Baş nazir Kir Starmer əvvəlcə 16 yaşdan aşağılar üçün ümumi sosial media qadağasına qarşı çıxsa da, bu həftə Lordlar Palatasında Mühafizəkarların “Uşaqların rifahı və məktəblər haqqında” qanun layihəsinə təklif etdiyi düzəliş onun mövqeyinə təsir göstərib. Sözügedən düzəliş sosial media platformalarının 16 yaşdan aşağı uşaqların xidmətlərə çıxışının qarşısını almaq üçün yüksək effektiv yaş təsdiqi tədbirləri tətbiq etməsini nəzərdə tutur.

Düzəliş qəbul edilərsə, məsələ İcmalar Palatasında müzakirəyə çıxarılacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
45
1
azertag.az

2Mənbələr