Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il keçir. Ancaq bu faciə yaddaşımıza əbədi həkk olunub. Çünki xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı məhz 1990-cı ilin 20 Yanvarında qoyuldu. Bu faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir. 20 Yanvar faciəsi Azərbaycan tarixində müstəqillik uğrunda mübarizənin qanlı, lakin dönüş nöqtəsi olan, əsrin əvvəlində baş vermiş ən dəhşətli hadisələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı qoşunlarının Bakıya yeridilərək dinc əhaliyə qarşı törətdiyi zorakılıq, insanlığa qarşı cinayət olaraq qiymətləndirilir və xalqın azadlıq arzusunu daha da gücləndirərək müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsinə çevrilmişdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova bildirib.
20 Yanvar 1990-cı ili dövlət müstəqilliyinin bərpası yolunda Azərbaycan xalqının üzləşdiyi böyük faciə, milli məfkurəmizin, azadlıq arzusunun oyanış günü və qəhrəmanlıq salnaməsinin ən dəyərli səhifələrindən biri olduğunu deyən N.Ömərova bu hadisənin təkcə dinc əhaliyə qarşı törədilmiş qanlı faciə deyil, həm də Azərbaycan xalqının milli azadlıq iradəsinin zor gücünə boğulması cəhdi olduğunu bildirib. O, deyib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunu daha da sürətləndirdi və xalqın azadlıq əzmini sarsılmaz etdi. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Mərkəzin direktoru 1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi-iqtisadi böhrandan, mərkəzi hakimiyyətin zəifləməsindən və “yenidənqurma” siyasətinin iflasa uğramasından söhbət açaraq deyib ki, bu hadisələr İttifaq respublikalarında milli azadlıq hərəkatlarının güclənməsinə səbəb olmuşdur: “Azərbaycanda isə bu proseslər Dağlıq Qarabağ münaqişəsi, erməni separatizmi və Kremlin Azərbaycana qarşı qərəzli mövqeyi fonunda daha kəskin xarakter almışdı. Bakıda və respublikanın digər bölgələrində keçirilən kütləvi mitinqlər, suverenlik, müstəqillik tələbləri SSRİ rəhbərliyini ciddi narahat edirdi. Məhz bu səbəbdən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Bakıya yeridildi. Başdan-ayağa qədər silahlanmış Sovet ordusunun tanklar, zirehli texnika və ağır silahlarla şəhərə daxil olması nəticəsində qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla 131 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, onlarla şəxs qanunsuz həbs edildi. Dinc əhaliyə qarşı atəş açılması, təcili tibbi yardım maşınlarının gülləbaran edilməsi bu əməliyyatın insanlığa qarşı cinayət olduğunu bir daha sübut edir”.
N.Ömərova daha sonra deyib ki, bu hadisə SSRİ Konstitusiyasının, beynəlxalq hüquq normalarının və insan haqlarının kobud şəkildə pozulması idi. Keçmiş SSRİ-nin və Azərbaycanın ovaxtkı rəhbərliyi heç bir əsası olmayan bəhanələrlə bu faciəni ört-basdır etməyə çalışır, günahı yerli əhalinin üzərinə qoymağa çalışırdılar. Lakin Ulu Öndərin məsələyə müdaxiləsindən sonra əlləri günahsız insanların qanına batanların xəbis niyyətləri ürəklərində qaldı.
Mərkəzin direktoru 20 Yanvar hadisələrinin öz hüquqi və siyasi qiymətini məhz Ulu Öndərin cəasrəti və siyasi iradəsi sayəsində aldığını diqqətə çatdıraraq deyib ki, xalqımızın xilaskarı - Heydər Əliyevin Moskvada səslənən etirazını bütün dünya ictimaiyyəti, o cümlədən Azərbaycan xalqı eşitdi. Xalqımızın başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, özünün və ailə üzvlərininin həyatının təhlükə ilə üz-üzə qalmasından çəkinməyərək Sovet hakimiyyətinin bu qanlı əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev oldu. Hadisənin səhəri günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, bəyanatla çıxış etmiş və xalqın haqq səsi olmuşdur. Ulu Öndər bəyanatında bu cinayətə səbəb olanları qorxmadan ifşa və tənqid etmişdi. Məhz Heydər Əliyev bu hadisəyə hüquqi-siyasi qiymət verilməsini də diqqətdə saxlamış, səbəbkarların cəzalandırılması üçün fəaliyyət göstərmişdi. Elə bu məqsədlə də, Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Belə ki, 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə gələn Heydər Əliyev 20 Yanvar faciəsi günahkarlarının araşdırılması və qanunla cəzalandırılmasına diqqət ayırmışdı.
O, deyib ki,1994-cü ildə yanvarın 5-də Heydər Əliyev 20 Yanavar faciəsinin dördüncü ildönümü ilə bağlıverdiyi fərmanda Milli Məclisə bu faciəyə siyasi-hüquqi qiymət verməsini tövsiyə etdi. 1994-cü il martın 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda Kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu faciə cinayət, hərbi təcavüz kimi qiymətləndirildi. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis olunmuşdur. Daha sonra 1998-ci il dekabrın 29-da “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir, Bu ad 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olmuş şəxslərə verildi. Dahi siyasətçi Heydər Əliyev açıq şəkildə bildirdi ki, Bakıya qoşun yeridilməsi qanunsuzdur, dinc əhalinin qətlə yetirilməsi antidemokratik və antiinsani siyasətin nəticəsidir və bu hadisəyə obyektiv siyasi və hüquqi qiymət verilməlidir.
N.Ömərova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açaraq deyib ki, Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının yüksək ərazisində yerləşən Şəhidlər xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidəsi də məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib.1998-ci ilin oktyabrında abidənin açılışında Heydər Əliyev demişdir: “Mən çox məmnunam ki, ötən illərdə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün və onların qəhrəmanlıq nümunələrini Azərbaycanda təbliğ etmək üçün, gənc nəslə, yeni-yeni nəsillərə çatdırmaq üçün bütün işləri görmüşük və bundan sonra da görəcəyik”.
Ümummilli Lider Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi.
Naminə Ömərova 20 Yanvar faciəsini xalqımızın azadlıq və Zəfər yolunun başlanğıcı kimi dəyərləndirərək deyib: “30 il sonra – 2020-ci ildə Prezident, Ali Baş Kimandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoydu. 1990- ci ildə başlanan, azadlıq, müstəqillik, suverenlik uğrunda başlanan mübarizə 2020-ci ilin noyabrında özünün pik həddinə, Zəfər Zirvəsinə çatdı. Bu tarixi Qələbənin başlanğıcı məhz 1990-cı ilin 20 Yanvarında qoyulmuşdu. 20 Yanvarda olduğu kimi, 2020-ci il Vətən müharibəsində də şəhidlər verdik. Onlar da azadlıq, suverenlik, müstəqillik, ərazi bütövlüyümümüzün bərpası uğrunda 1990-cı ildə olduğu kimi canlarını qurban verdilər”.
Mərkəzin direktoru Ulu Öndər Heydər Əiyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar, Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri və yaralılarının qayğılarının daim diqqət mərkəzində saxladığını da diqqətə çatdırıb. Vurğulayıb ki, dövlətimizin başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə, o cümlədən Birinci və İkinci Qarabağ müharibələrində şəhid və əlil olmuş şəxslərin təqaüdləri artırılır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
“20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bununla yanaşı, Qarabağ torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün tam bərpası yolunda əsgər və zabitlərimizi Zəfər ruhuna kökləyən əsas amillərdəndir” – deyə N.Ömərova bildirib.