AZ

Azərbaycan Universitetində 20 Yanvar faciəsi anılıb

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirindən əvvəl universitet kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, xatirələri hörmət və ehtiramla yad edilib.

Bu barədə AzEdu.az universitetdən məlumat verilib.

Bildirilib ki, universitetin tədris binasında keçirilən anım tədbirində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev, Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi, İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi Çingiz Məmmədov, 20 Yanvar şəhidlərindən Larisa Məmmədovanın sinif yoldaşı, “Xalq” qəzetinin əməkdaşı Arzu Əliyevanın məruzə və çıxışları dinlənilib. 

Qabil Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsinin dinc əhaliyə qarşı misilsiz hərbi cinayət olduğunu qeyd edib. O, dövlət səviyyəsində törədilmiş bu vəhşiliyin Azərbaycan xalqının milli qürurunu və azadlıq eşqini sarsıda bilmədiyini bildirib. Nəriman Böyükkişi faciənin canlı şahidi kimi 20 yanvar gecəsi gənclərin göstərdiyi rəşadətdən danışıb. O, 1990-cı illərdən başlayaraq formalaşan vətənpərvərlik ruhunun 44 günlük Vətən müharibəsində qazanılan qələbədə mühüm rol oynadığını vurğulayıb. Çingiz Məmmədov həmin gecə dinc əhaliyə necə divan tutulduğunu, yaralıların xəstəxanaya güllə yağışı altında aparıldığını faktlarla yada salaraq, bu amansızlığın Sovet imperiyasının iç üzünü açdığını və süqutunu sürətləndirdiyini qeyd edib.

Tədbir iştirakçıları Larisa Məmmədovanın sinif yoldaşı, “Xalq” qəzetinin əməkdaşı Arzu Əliyevanın çıxışını dərin ehtiram və kövrək hisslərlə dinləyiblər.  Arzu Əliyeva xatırladıb ki, qanlı şənbə gecəsi Bakıda gülləbaran edilən avtobuslardan birində 13 yaşlı Larisa və atası Fərman Məmmədov da olub. Ata ayağından, Larisa isə ürəyindən güllə yarası alıb. Qonaq qeyd edib ki, Larisa sakit və utancaq xarakteri ilə seçilib, ətrafındakılara mehriban münasibəti ilə yaddaşlarda qalıb. Rəsm çəkmək, pianoda ifa etmək bacarıqları var idi. Larisanın yarımçıq qalan arzuları bu gün müstəqil və tam suveren Azərbaycanda yaşayan gənclər üçün vətənə bağlılıq və şəhidlərin xatirəsinin ehtiramla yad olunması kimi mühüm çağırışlara çevrilib.   

Anım tədbiri 20 Yanvar faciəsi haqqında videoçarxın nümayişi ilə başa çatıb. 

Seçilən
36
2
azedu.az

3Mənbələr