AZ

20 Yanvar faciəsi və milli azadlıq hərəkatının yüksəlişi

Bakı, 20 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC

1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycan xalqının milli yaddaşına yalnız faciə kimi deyil, həm də müstəqilliyə aparan yolun başlanğıcı kimi həkk olunub. Bu hadisə birdən-birə baş verməyib, uzun illər ərzində yığılıb qalmış siyasi, sosial və milli ziddiyyətlərin məntiqi nəticəsi olub. XX əsrin 80-ci illərinin ortalarından etibarən SSRİ-də başlanan yenidənqurma siyasəti imperiyanın daxili problemlərini həll etmək əvəzinə, onları daha da kəskinləşdirmişdi. Xüsusilə milli məsələlərdə mərkəzi hakimiyyətin ikili standartları, ədalətsiz mövqeyi və qeyri-müəyyən siyasəti müxtəlif regionlarda gərginliyi artırırdı.

Bu proseslərin Azərbaycanda kəskinləşməsində əsas amil Ermənistanın Dağlıq Qarabağa dair əsassız ərazi iddiaları idi. Tarixi faktlar sübut edir ki, Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb. Lakin SSRİ rəhbərliyinin zəif və qeyri-ardıcıl siyasəti erməni millətçilərinin fəallaşmasına şərait yaratdı. 1987–1988-ci illərdən etibarən Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulması, DQMV-də separatçı fəaliyyətlərin genişlənməsi, silahlı təxribatlar və terror aktları regionda vəziyyəti tamamilə gərginləşdirdi. Minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salındı, evlərini, əmlaklarını itirdi, onlara qarşı fiziki zorakılıq tətbiq olundu.

Azərbaycan cəmiyyəti bu ədalətsizliklərə etiraz olaraq ayağa qalxdı. Bakıda və digər şəhərlərdə mitinqlər keçirildi, xalq Dağlıq Qarabağda qanunsuzluqlara son qoyulmasını, qaçqınların hüquqlarının qorunmasını və respublikanın ərazi bütövlüyünün təmin olunmasını tələb edirdi. Lakin mərkəzi sovet hakimiyyəti bu haqlı tələbləri dinləmək əvəzinə, güc yolunu seçdi, vəziyyəti nizamlamaqdansa, onu daha da gərginləşdirdi və sonda hərbi müdaxiləyə əl atdı.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın “20 Yanvar faciəsi və milli azadlıq hərəkatının yüksəlişi” mövzusunda məqaləsində əks olunub.

Məqalədə, həmçinin qeyd edilib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya sovet qoşunları yeridildi. Heç bir xəbərdarlıq edilmədən, fövqəladə vəziyyət elan olunmadan dinc əhaliyə qarşı ağır silahlar tətbiq edildi. İnsanlar küçələrdə güllələndi, evlərə atəş açıldı, təcili yardım maşınları belə hədəfə alındı. Həmin qanlı əməliyyat nəticəsində yüzlərlə insan həlak oldu və yaralandı. Qadınlar, uşaqlar, yaşlılar bu amansızlığın qurbanına çevrildi. Sovet ordusu öz xalqına qarşı yönəlmiş bir gücə çevrildi ki, bu da imperiyanın mənəvi iflasının açıq göstəricisi idi.

20 Yanvar hadisəsi təkcə qırğın deyildi. Bu, həm də sovet ideologiyasının, “xalq hakimiyyəti”, “bərabərlik” və “ədalət” kimi şüarların saxta olduğunu üzə çıxardı. Xalq anladı ki, bu sistem onun hüquqlarını qorumaq iqtidarında deyil. Hadisədən sonra cəmiyyətlə hakimiyyət arasında uçurum daha da dərinləşdi. İnsanlar artıq SSRİ daxilində qalmağın mümkün olmadığını, öz taleyini yalnız müstəqil dövlət qurmaqla həll edə biləcəyini dərk etdilər.

Bu qanlı hadisəyə ilk açıq siyasi etiraz Moskvada yaşayan Heydər Əliyev tərəfindən edildi. O, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanat verərək sovet rəhbərliyinin hərəkətlərini kəskin şəkildə pislədi və bunu hüquqa, demokratiyaya və humanizmə zidd adlandırdı. Bu mövqe xalq üçün mənəvi dayaq oldu və milli müqavimət ruhunu daha da gücləndirdi.

20 Yanvar hadisəsi SSRİ-nin dağılma prosesini sürətləndirən mühüm amillərdən biri oldu. Bu faciə göstərdi ki, imperiya artıq öz vətəndaşlarını idarə etmək üçün yalnız zorakılığa arxalanır. İdeoloji dayaqlar sarsıldı, Kommunist Partiyasına inam itdi, insanlar partiya biletlərindən imtina etməyə başladılar. Azərbaycan xalqı isə öz gələcəyini müstəqillikdə görməyə başladı.

Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə sovet atributlarından imtina edilməsi, üçrəngli bayrağın qəbul olunması, 20 Yanvar hadisəsinə siyasi qiymət verilməsi müstəqillik yolunda atılan tarixi addımlar idi. Bu proseslər bütövlükdə Azərbaycanda milli şüurun yüksəlişinə güclü təkan verdi. Nəticədə 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

Sonralar Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisəsinə rəsmi hüquqi-siyasi qiymət verildi və bu, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tanındı. Şəhidlərin xatirəsi əbədiləşdirildi, ailələri dövlətin himayəsinə alındı. Bu, təkcə sosial məsələ deyildi, həm də milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyırdı.

20 Yanvar hadisəsi bizə mühüm ibrət dərsləri verir. Birincisi, xalq öz taleyini yalnız özü müəyyən edə bilər. İkincisi, milli iradə heç bir güc qarşısında sınmır. Üçüncüsü, güclü dövlət və rəhbərlik olmadan milli maraqları qorumaq mümkün deyil.

Bu gün Azərbaycan güclü, müstəqil dövlətdir, torpaqlarımız işğaldan azad olunub. Şəhidlərin arzuları gerçəkləşib, 20 Yanvar yalnız matəm günü deyil, həm də milli dirçəliş, ləyaqət və müqavimət simvoludur”.

 

Seçilən
29
azertag.az

1Mənbələr