AZ

Müstəqillik dövründə Azərbaycan-Türkiyə münasibətləri: Tarixi təşəkkül, müasir vəziyyət və strateji perspektivlər

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanın müstəqillik illərində yürütdüyü xarici siyasət kursunun, xüsusilə Türkiyə ilə siyasi və sosial münasibətlərinin təşəkkülü və inkişaf dinamikasının elmi-nəzəri cəhətdən araşdırılması, habelə bu sahədə həyata keçirilən tədbirlərin nəticələrinin obyektiv qiymətləndirilməsi mühüm elmi və praktik əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin “Müstəqillik dövründə Azərbaycan-Türkiyə münasibətləri: Tarixi təşəkkül, müasir vəziyyət və strateji perspektivlər” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan və Türkiyə həm coğrafi qonşuluq, həm də ortaq tarixi irs, etnik kökən, din, dil və mədəni dəyərlər baxımından bir-birinə qırılmaz tellərlə bağlı olan iki qardaş xalqdır. İki ölkə arasındakı mədəni əlaqələrin tarixi və milli-mənəvi kökləri çoxşaxəli amillərlə şərtlənir. Etnik, tarixi və ictimai-siyasi təməllərə söykənən bu münasibətlər zəngin ənənə üzərində bərqərar olub. Tarixin müxtəlif dövrlərində bu yaxınlıq əlaqələrinin inkişaf dinamikası, “bir millət, iki dövlət” fəlsəfəsinin sarsılmaz bir prinsipə çevrilməsini təmin edib.

Qardaş diyarda iz qoyan azərbaycanlılar

Azərbaycanlılar tarix boyu Türkiyənin siyasi və ictimai həyatında müstəsna fəallıq nümayiş etdiriblər. Azərbaycan və Anadolu türkləri əsrlər boyu sıx münasibətlər saxlayıb, ən mürəkkəb dövrlərdə bir-birinə mənəvi və hərbi dayaq olublar. Bu sarsılmaz həmrəyliyin ən şanlı səhifələrindən biri 1915-ci ildə minlərlə azərbaycanlı könüllünün Çanaqqala müharibəsində iştirak edərək şəhidlik və qazilik zirvəsinə ucalmasıdır. 28 may 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdə isə, Türkiyə (Osmanlı dövləti) gənc respublikanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşdü. 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusu, ölkənin işğalçı qüvvələrdən azad edilməsində və ərazi bütövlüyünün təmin olunmasında müstəsna xidmətlər göstərdi. Bu xilaskar ordunun qətiyyəti sayəsində Bakı və ətraf ərazilər düşmən ünsürlərdən təmizləndi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik dayaqları möhkəmləndirildi.

Azərbaycanın bir çox görkəmli şəxsiyyəti tarixin müxtəlif mərhələlərində Türkiyədə fəaliyyət göstərərək öz intellektual potensiallarını reallaşdıraraq hər iki qardaş xalq qarşısında böyük xidmətlərə imza atıblar. Xüsusilə Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə kimi mütəfəkkirlər Türkiyənin siyasi-ictimai fikir tarixində silinməz izlər qoyan azərbaycanlı ziyalılardır. Onların fəaliyyəti iki ölkə arasındakı qardaşlıq və dostluq əlaqələrinin tarixi rəmzinə çevrilib. Bu şəxsiyyətlər Türkiyənin ictimai-siyasi və mədəni həyatına müsbət təsir göstərməklə yanaşı, türk ictimaiyyətində Azərbaycan haqqında obyektiv rəyin formalaşmasında əvəzsiz rol oynayıb. “Azərbaycan”, “Azərbaycan Yurt Bilgisi”, “Azəri Türk” və “Odlu Yurt” kimi jurnallar milli istiqlal ideyasının təbliğində və ortaq mədəni dəyərlərin qorunmasında mühüm platforma funksiyasını yerinə yetirib.

Türkiyədəki Milli Mübarizənin müxtəlif cəbhələrində çox sayda azərbaycanlı zabit və əsgər könüllü olaraq xidmət ediblər. Onların mühüm bir hissəsi İstiqlal Savaşından sonra da Türkiyə Silahlı Qüvvələrində fəaliyyətlərini davam etdirərək yüksək hərbi rütbələrə ucalıblar. Bu şərəfli siyahıda polkovniklər Səməd Sayqın, Yusif Xəzərli, Mehmed Akpolat, Aslan Berkan, Salih Aksoy, Firidun Daryal, habelə aviasiya generalları Cahangir Berker və Hüseyn Turqut kimi onlarla qəhrəmanın adını qeyd etmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə pənah gətirərək Qurtuluş Savaşına qatılan hərbçilərlə yanaşı, İstanbulda hərbi təlim keçən kiçik bir azərbaycanlı zabit qrupu da bu mübarizədə fəal iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanmış hərbi müqavilə əsasında təhsil alan bu zabitlər, təlimlərini tamamladıqdan sonra türk ordusunun sıralarına daxil olublar. Onların arasında ordu generalları Mahmud Berköz və Jandarma Baş Komandanı Nuri Berközü, eləcə də bir dövr Qars millət vəkili olmuş qərargah polkovniki Hüsaməddin Topaçı xüsusilə qeyd etmək lazımdır.

“Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan qardaşlıq bağları və strateji müttəfiqlik

XX əsrin 90-cı illərində SSRİ-nin süqutu və Azərbaycan daxil olmaqla beş yeni türk dövlətinin müstəqillik qazanması Türk dünyasında böyük geosiyasi canlanmaya səbəb oldu. Bu tarixi şəraitdə Azərbaycan və Türkiyə arasında milli mənafelərə və qlobal inteqrasiya meyillərinə söykənən strateji, çoxşaxəli əlaqələrin təməli qoyuldu. Dünya dövlətləri və bəzi siyasi-elmi dairələr Azərbaycan-Türkiyə ittifaqına başlanğıcdan ehtiyatla yanaşsa da, bu tərəfdaşlıq bütün süni maneələri aşaraq regionda sülh və sabitliyin əsas təminatçısı oldu.

Heydər Əliyevin təməlini qoyduğu iqtisadi inkişaf kursu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilərək Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyəyə çatdırılıb. Bakı-Tbilisi-Ceyhan, TANAP Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr bu strateji tərəfdaşlığın və Azərbaycanın sürətli iqtisadi yüksəlişinin əsas sütunlarıdır.

Tarixi təcrübə göstərir ki, Azərbaycanın suverenliyi Türkiyə ilə yanaşı, Rusiya, İran və Gürcüstan kimi regional aktorlarla da balanslı siyasi-mədəni münasibətlər kontekstində inkişaf edib. Lakin Türkiyə ilə qurulan sıx bağlar Azərbaycanın müasirləşməsi, ümumbəşəri dəyərləri mənimsəməsi və beynəlxalq aləmdə demokratik, maarifçi cəmiyyət kimi tanınması yolunda əsas katalizator rolunu oynayır. Bu inteqrasiyanın ən uğurlu tərəfi sosial və təhsil sahəsində özünü büruzə verir. Türkiyədə yaşayan azərbaycanlılar dil və mədəniyyət yaxınlığı sayəsində yerli cəmiyyətə sürətlə adaptasiya olunurlar. 1990-cı illərdən etibarən 2026-cı ilə qədər Türkiyə universitetlərində 100 mindən çox azərbaycanlı gəncin təhsil alması, iki ölkə arasında sarsılmaz mənəvi körpülərin və ortaq intellektual gələcəyin ən bariz göstəricisidir.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli-mənəvi birliyini daha da sarsılmaz etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu sınaq dövründə “Xalq-Ordu-İqtidar” birliyi Azərbaycan tarixinə şanlı səhifələr yazdı. Türkiyə Respublikası isə bu mübarizədə ilk anlardan etibarən nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyi ilə hər zaman Azərbaycanın yanında oldu. Bu qardaşlıq və həmrəylik 2026-cı il reallığında regionun yeni geosiyasi simasını müəyyən edən əsas amildir.

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərini strateji zirvəyə daşımaqla yanaşı, özündə üç mühüm tarixi rəmzi ehtiva edir:

- Tarixi Qars müqaviləsinin müddəalarını müasir çağırışlara uyğun olaraq yenidən təsdiqlədi;

- Sənədin Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını təcəssüm etdirən Milli Qurtuluş Günündə imzalanması xüsusi siyasi məna kəsb edir;

- İmzalanma məkanının Türk dünyasının mədəniyyət paytaxtı Şuşa seçilməsi bu ittifaqın sarsılmazlığını dünyaya nümayiş etdirdi.

Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və TÜRKPA kimi beynəlxalq platformalarla yanaşı, həm də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və müxtəlif hökumətlərarası komissiyalar vasitəsilə institusional şəkildə möhkəmlənməkdədir. 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı Azərbaycanın nümayiş etdirdiyi maddi-mənəvi dəstək, Kahramanmaraşda təbii fəlakətin ilk günlərində qurulan çadır şəhərcikləri, qısa müddət ərzində 68 yaşayış binasından ibarət “Azərbaycan” məhəlləsinin salınması bu qardaşlığın humanitar müstəvidə də sarsılmaz olduğunu sübut etdi.

Azərbaycan-Türkiyə əməkdaşlığının gələcək perspektivləri

"Bir millət, iki dövlət" prinsipinə əsaslanan strateji müttəfiqliyin daha da dərinləşməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində regional əməkdaşlığın güclənməsi istiqamətində fəaliyyəti göstərmək mümkündür. Azərbaycan-Türkiyə əməkdaşlığının gələcək perspektivləri üzrə əsas prioritetlər kimi aşağıdakılar qeyd oluna bilər,

1.Siyasi və Təhlükəsizlik istiqamətində əməkdaşlıq:

- 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb və gələcək əlaqələrin yol xəritəsini müəyyən edir. Hərtərəfli münasibətlərin inkişaf dinamikası da, göstərir ki, hər iki ölkə regional və qlobal təhlükəsizliyə birgə töhfə verməkdə davam etməsi labüd hal kimi görünür.

- Regional Sülh Səyləri: Münasibətlərin gələcəyi Cənubi Qafqazda sülh səylərindən və regiondakı geosiyasi mühitdən əhəmiyyətli dərəcədə asılı ola bilər. Türkiyənin Azərbaycana dəstək siyasəti dəyişməz qalır.

- Hərbi Əməkdaşlıq: Azərbaycan Ordusunun quruculuğu və modernləşdirilməsi sahəsində Türkiyə ilə əməkdaşlıq davam edir, bu da gələcək üçün mühüm perspektivlər açır.

2. İqtisadi və Enerji Əlaqələri

- Ticarət Hədəfləri: 2024-2025-ci illərdə ticarət dövriyyəsi rekord vursa da, Azərbaycan və Türkiyənin 2026-cı il hədəfi bu rəqəmi orta müddətli dövrdə 15 milyard dollara çatdırmaqdır.

- Sərbəst Ticarət Sazişi: Tərcihli Ticarət Sazişinin müsbət təsirindən sonra, gələcəkdə iki ölkə arasında sərbəst ticarət sazişinin imzalanması ehtimalı yüksəkdir.

- Enerji Təhlükəsizliyi: TANAP və TAP kimi enerji layihələri Azərbaycan qazının Türkiyə və Avropaya çatdırılmasında mühüm rol oynayır. Bərpaolunan enerji sahəsində də əməkdaşlığın genişlənməsi planlaşdırılır.

- Zəngəzur dəhlizi: Bu dəhlizin açılması Türkiyənin Azərbaycan və digər türk dövlətləri ilə ticarət və iqtisadi əlaqələrinə əhəmiyyətli töhfə verə bilər.

3. Regional Əməkdaşlıq və Humanitar Sahə

- Türk Dövlətləri Təşkilatı (TDT): TDT çərçivəsində iqtisadi, sənaye, elm, texnologiya və innovasiya sahələrində nazirlər səviyyəsində dialoq güclənir.

- İnvestisiya Forumları: Mütəmadi keçirilən investisiya forumları və Türk İnvestisiya Fondunun yaradılması regional layihələr üçün yeni maliyyə alətləri təklif edir.

- Humanitar Əlaqələr: Ortaq dil, mədəniyyət, adət-ənənələr və 2021-ci ildən qüvvəyə minən şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət imkanı xalqlararası əlaqələri daha da möhkəmləndirir.

Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri "Bir millət, iki dövlət" konsepsiyası əsasında inkişaf edərək, regional sabitliyə və Türk dünyasının gələcək inteqrasiyasına xidmət edən nümunəvi bir model olaraq güclənməyə davam edir.

Seçilən
151
azertag.az

1Mənbələr