Ankara, 20 yanvar, AZƏRTAC
Otuz altı il əvvəl sovet ordusu Bakıya daxil olaraq onlarla silahsız insanı qətlə yetirmişdi. Məqsəd Azərbaycan xalqını sındırmaq olsa da, həmin qanlı hadisələr azərbaycanlıların azadlıq və müstəqillik əzmini daha da gücləndirdi.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” xəbər kanalının reportajında deyilir.
Telekanal ölkənin tarixi bir hissəsi olan Qarabağ bölgəsini Azərbaycandan qoparmağa cəhd edən ermənilərin təxribatlarını xatırladır.
Ankaranın Hacı Bayram Vəli Universitetinin professoru Ozan Böke kanala verdiyi şərhdə 1988-ci ildən bəri Qarabağda baş verən erməni separatizminin təzahürlərinə diqqət çəkir.
“DQMV-nin Ermənistan SSR-ə verilməsi çağırışları Azərbaycan cəmiyyəti tərəfindən ölkənin suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qəbul edilib. Bakıda və respublikanın digər yerlərində yaranan xalq hərəkatı təkcə erməni separatizminə deyil, həm də Moskvadakı mərkəzi hakimiyyətin Azərbaycan xalqına qarşı cinayətlərdə iştirakına bir etiraz idi”, -deyə professor qeyd edib.
Xəbər materialında təqribən 150 nəfərin həlak olması və 744 nəfərin yaralanması ilə nəticələnən qanlı Yanvar hadisələrinin çoxsaylı arxiv fotoşəkilləri yer alır.
“Qanlı Yanvar Azərbaycan xalqının səbrini daşıran son damla oldu. Sovet rejiminə inam əbədi olaraq itirildi. Cəmi bir il sonra, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edildi”, - deyə reportajda bildirilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara