Musavat.com xəbər verir ki, bu barədə Euronews Norveç Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Məktublarda qeyd olunur ki, Rusiya ilə mümkün müharibə şəraitində evlər, nəqliyyat vasitələri və müxtəlif texniki avadanlıqlar silahlı qüvvələrin istifadəsi üçün müvəqqəti olaraq müsadirə edilə bilər. Rəsmi izahda bildirilir ki, bu addım hərbi dövrdə ordunun ölkənin müdafiəsi üçün zəruri resurslara çıxışını təmin etmək məqsədi daşıyır.
Norveç Silahlı Qüvvələrinin logistika təşkilatının rəhbəri Andres Yernberqin sözlərinə görə, ölkə hazırda həm hərbi, həm də mülki sahədə genişmiqyaslı hazırlıq mərhələsinə qədəm qoyub. "Biz hərbi və mülki hazırlığı ciddi şəkildə gücləndiririk. Bu tədbirlər potensial təhlükələr fonunda qabaqlayıcı xarakter daşıyır", - deyə o bildirib.
Musavat.com qeyd edir ki, Euronews-un məlumatına əsasən, 2026-cı il ərzində daha 13 min 500 belə "ilkin xəbərdarlıq" məktubunun göndərilməsi planlaşdırılır. Bu isə Norveç hakimiyyətinin təhlükəsizlik risklərini uzunmüddətli və real hesab etdiyini göstərir.
Analitiklərin fikrincə, Skandinaviya ölkəsinin bu addımı Avropada Rusiya ilə bağlı təhlükəsizlik narahatlıqlarının yeni mərhələyə keçdiyindən xəbər verir. Ekspertlər bildirirlər ki, Norveç cəmiyyətinin müharibə ssenarilərinə psixoloji və praktiki baxımdan hazırlanması artıq dövlət siyasətinin bir hissəsinə çevrilib.