Fevralın 1-dən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyanın ABŞ-yə göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Trampın Avropa ölkələrinə tarif tətbiqi planı isə transatlantik münasibətlərdə ciddi böhran yaradıb. Avropa İttifaqı bu addımı "iqtisadi təzyiq" kimi qiymətləndirərək cavab tədbirlərini müzakirə edir.
Bu tarif münaqişəsi ABŞ-Aİ münasibətlərində uzunmüddətli strateji toqquşmaya səbəb ola bilərmi?
Politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın satın alınması məsələsini ticarət tarifləri ilə şərtləndirməsi transatlantik münasibətlərin ənənəvi diplomatik çərçivədən çıxaraq "tranzaksiya siyasəti" müstəvisinə keçdiyini göstərir:
"Fevralın 1-dən tətbiq ediləcək 10 faizlik rüsumların iyun ayında 25 faizə qədər artırılacağı ilə bağlı xəbərdarlıq Vaşinqtonun iqtisadi gücü birbaşa geosiyasi tələblər üçün alətə çevirdiyinin bariz nümunəsidir. Bu, politoloji baxımdan müttəfiqlik münasibətlərində "təhlükəsizlik müqabilində iqtisadi güzəşt" formulunun yeni və daha sərt bir təzahürüdür. Bu tarif münaqişəsi sadəcə bir ticarət müharibəsi deyil, Qərbin təhlükəsizlik memarlığının (NATO) təməl prinsiplərinin sınağa çəkilməsidir”.
Müsahibimiz bildirib ki, Avropa İttifaqı və Böyük Britaniyanın bu addımı "iqtisadi şantaj" kimi xarakterizə etməsi tərəflər arasında etimad böhranının nə qədər dərin olduğunu nümayiş etdirir. Dediyinə görə, Avropa ölkələri üçün Qrenlandiya məsələsi suverenlik və beynəlxalq hüquq məsələsidirsə, bu, Tramp administrasiyasına Arktika regionunda Rusiya və Çinə qarşı strateji üstünlük qazanmaq üçün "milli təhlükəsizlik zərurəti"dir. Bu baxış bucaqlarının kəsişməməsi uzunmüddətli strateji toqquşma riskini artırır.

Tural İsmayılov: Kompromis əldə olunmasa, Avropanın ABŞ-dən asılılığını azaltmaq cəhdləri sürətlənəcək
T.İsmayılov hesab edir ki, bu gərginlik hər iki tərəfi yeni bir "böyük saziş" axtarışına sövq edə bilər. ABŞ-nin bu kəskin addımı Avropanı Arktika təhlükəsizliyində və müdafiə xərclərində daha aktiv rol almağa məcbur etmək məqsədi daşıyır:.
"Əgər tərəflər kompromis əldə edə bilməsələr, Avropanın ABŞ-dən iqtisadi və strateji asılılığını azaltmaq cəhdləri (strateji muxtariyyət) sürətlənəcək. Bu isə onilliklər boyu davam edən transatlantik birliyin strukturca dəyişməsi və Qərb daxilində daha müstəqil güc mərkəzlərinin yaranması ilə nəticələnə bilər”.
Tural İsmayılov bildirib ki, nəticə etibarilə fevralın 1-i sadəcə rüsumların başlanğıcı deyil, həm də beynəlxalq nizamda "iqtisadi realizm" dövrünün rəsmiləşməsidir:
“Bu gərginlik tərəfləri ya daha möhkəm və praqmatik bir ortaqlığa, ya da qlobal ticarət sistemini sarsıdan dərin bir qütbləşməyə aparacaq".
Gülşən Şərif