20 Yanvarda totalitar rejim Azərbaycan xalqının iradəsi qarşısında aciz qaldı.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva deyib.
Onun sözlərinə görə, azadlıq verilmir, qazanılır və tarix də bunu dəfələrlə sübut edib:
"36 il bundan öncə, 1990-cı ilin Qanlı Yanvar gecəsi illərlə yetişən azadlıq arzusunun qorxunu susdurduğu və cəsarəti alovlandırdığı, totalitar rejimin Azərbaycan xalqının iradəsi qarşısında aciz qaldığı gecə idi. O gecə tankların qarşısına silahsız çıxan qəhrəman övladlarımız ölkəmizin müstəqilliyi naminə canından keçən ilk səhidlər oldular".
Deputat xatırladıb ki, həmin günlərdə Azərbaycanın böyük oğlu, Ulu Öndər Heydər Əliyev Moskvada bu qanlı cinayəti açıq şəkildə pisləyərək əsl siyasi cəsarət nümunəsi göstərdi:
"O, təhlükəyə baxmayaraq, xalqının yanında durdu, 20 Yanvar hadisələri haqqında kəskin bəyanat verdi. Zaman hər şeyi dəyişə bilər, amma həqiqəti yox. Nə qədər vaxt keçsə də, o gerçəklər unudulmayacaq".