AZ

Astanada 20 Yanvar faciəsinin şəhidləri anılıb

Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

"Far.Az"un Qazaxıstan bürosunun məlumatına görə, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasında ucaldılmış büstü, eləcə də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş stend önünə gül dəstələri qoyulub.

Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxışında qeyd edib ki, 1990-cı il 20 Yanvar tarixi Azərbaycanın müasir tarixində həm dərin hüzn, həm də milli qürur günüdür.

Onun sözlərinə görə, faciə haqqında həqiqətlərin hadisələrdən bir gün sonra beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin bərpasından və Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 1990-cı il 20 Yanvar faciəsinə və Azərbaycan xalqına qarşı törədilən digər cinayətlərə siyasi-hüquqi qiymət verilib. Səfir vurğulayıb ki, Azərbaycan xalqının birliyi və iradəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və ölkənin suverenliyinin tam bərpası ilə nəticələnən 19-20 sentyabr 2023-cü il antiterror tədbirlərində Qələbənin əsası olub.

Çıxış zamanı regionda sülh gündəliyinə də toxunulub. Xüsusilə qeyd edilib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş və qəbul edilən qərarlar, o cümlədən Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması və sülh sazişinin paraflanması beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin mühüm təsdiqi olub.

Tədbirdə Azərbaycan diasporunun nümayəndələri çıxış ediblər.

Mərasim çərçivəsində 20 Yanvar faciəsini əks etdirən kadrların təqdim olunduğu fotosərgi təşkil edilib.

Seçilən
14
far.az

1Mənbələr