Cənubi Qafqaz regionunda kommunikasiyaların tam şəkildə açılması, xüsusilə Qars-Gümrü dəmir yolunun bərpası, TRIPP layihəsinin reallaşdırılması Ermənistan üçün geniş imkanlar yaradacaq.
"Report"un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında bildirilib.
"Bölgəmizdə kommunikasiyaların tam şəkildə açılması və xüsusilə də Qars-Gümrü dəmir yolunun potensial bərpası, TRIPP layihəsinin həyata keçirilməsi və qonşularımızla potensial ikitərəfli təşəbbüslər - bazarların diversifikasiyası və regional ticarətin genişləndirilməsi baxımından geniş iqtisadi və logistika imkanları yaradacaq", - hesabatda qeyd edilib.
Hesabatda həmçinin Rusiyaya qarşı sanksiyaların Ermənistan iqtisadiyyatı üçün risklər yaratmağa davam edəcəyi qeyd olunub: "Ehtimal ki, ən azı Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli hissəsi saxlanılacaq ki, bu da ikinci dərəcəli sanksiyalar baxımından da iqtisadiyyatımız üçün risk yaratmağa davam edəcək".