AZ

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub

Astana, 20 yanvar, AZƏRTAC

Qazaxıstan Konstitusiyasında dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halında növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı müddəa olmalıdır.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı Milli Qurultayın 5-ci iclasında çıxışı zamanı verib.

Dövlət başçısı qeyd edib ki, mövcud Konstitusiyaya uyğun olaraq, prezidentin vəzifələrini yerinə yetirməsinə mane olan fövqəladə hal baş verdikdə, onun səlahiyyətləri qalan müddət üçün Senatın spikerinə ötürülür.

“Bütün məsələ məhz “qalan müddət” anlayışından asılıdır. Başqa sözlə, qalan müddət altı aydan altı ilə qədər ola bilər”, - deyə Prezident bildirib.

Kasım-Jomart Tokayev vurğulayıb ki, dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halında, iki ay ərzində erkən prezident seçkilərinin keçirilməsi ilə bağlı müddəa Əsas Qanunda aydın şəkildə təsbit olunmalıdır.

Onun sözlərinə görə, bu addım ən yaxşı beynəlxalq təcrübəyə uyğundur, çünki bir ölkənin istənilən lideri hakimiyyətə yalnız seçki vasitəsi ilə, qanuni yolla gəlməlidir.

Dövlət başçısı qeyd edib ki, bu normanın təsbit edilməsi hakimiyyətin ötürülməsində şəffaflığı və qanuniliyi təmin edəcək, habelə dövlətin institusional sabitliyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
183
2
azertag.az

3Mənbələr