AZ

Rusiya postsovet məkanı ilə bağlı hədəfini açıqladı: Duqin və Solovyovun mesajı nədən xəbər verir?

Son zamanlar Rusiya ictimai-siyasi mühitində postsovet məkanına münasibətdə təhlükəli ritorika getdikcə açıq və sistemli xarakter alır. Bir müddət əvvəl Kremlin əsas təbliğat simalarından olan Vladimir Solovyov Mərkəzi Asiya və Cənubi Qafqazı eyni cümlədə hədəf kimi təqdim etmişdisə, bundan qısa müddət sonra Kreml ideologiyasının əsas müəlliflərindən sayılan Aleksandr Duqin artıq heç bir eyhama, alt-mətnə ehtiyac duymadan birbaşa mövqe ortaya qoydu.

Duqin açıq şəkildə bəyan etdi ki, Rusiya postsovet məkanında, o cümlədən Azərbaycanda müstəqil və suveren dövlətlərin mövcudluğu ilə barışmamalıdır. Onun fikrincə, yeni geosiyasi reallıqda Azərbaycan kimi ölkələrin ayrıca suverenliyi mümkün deyil və bu dövlətlər Moskvanın nəzarətində olan siyasi birliklərin tərkib hissəsinə çevrilməlidir.

Ekspertlər hesab edirlər ki, bu cür açıqlamalar ayrı-ayrı şəxslərin emosional mövqeyi yox, Rusiyanın gələcək regional strategiyasına işıq salan ideoloji xəttin açıq ifadəsidir.

Elxan Şahinoğlu

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Aleksandr Duqin və Vladimir Solovyov guya öz mülahizələrini yürüdürlər, lakin reallıqlar ondan ibarətdir ki, bu Kremlin mövqeyidir:

“Adı çəkilən bu iki şəxs sadəcə onlardan istənilən şeyi deyir. Başqa cür desək, əgər bu iki şəxsin dedikləri onların subyektiv yanaşması olsaydı, Rusiya çoxdan məsələyə müdaxilə edər, onları susdurardı. Lakin biz hər dəfə Solovyov və Duqinin eyni şeyi dediyini görürük.

Əslində Rusiya uzun müddətdir ki, qonşularını hədələyir. Kremlin əlində imkan olsa, şübhəsiz, bu planlarını əməli şəkildə göstərərdi. Lakin xoşbəxtlikdən Rusiyanın belə imkanı yoxdur. Bununla belə, bu kimi açıqlamaların verilməsi Rusiya ilə qonşuları arasında münasibətləri pisləşdirir”.

“Ən maraqlı məqam isə Qazaxıstan kimi ölkələrdir. Yəni Azərbaycanla Rusiya arasında münasibətlərdəki soyuqluğu başa düşmək olar, lakin Qazaxıstan ilə Moskva arasında xüsusi bir problem yoxdur. Yəni Qazaxıstan bu açıqlamaları ciddiyə alıb Moskva ilə aralarına məsafə qoya bilər.

Əslində bu proses başlayıb. Bir çox Mərkəzi Asiya ölkəsi Rusiya ilə münasibətləri müəyyən balansda saxlayır. Ermənistan isə sürətlə Rusiyanın orbitindən çıxır. Duqin və Solovyov kimi şəxslər danışmağa davam edərsə, hesab edirəm proses daha da ciddiləşə bilər” – deyə politoloq vurğulayıb.

Atilla Rzasoy

Seçilən
76
nocomment.az

1Mənbələr