Lerik rayonunda yağan qar bir daha göstərdi ki, yenə rayon rəhbərliyi qış mövsümünə lazımi səviyyədə hazırlaşmayıb. Dağ rayonları üçün əsas prioritetlərdən biri məhz qışa hazırlıqdır. Hər il dövlət büdcəsindən bu məqsədlə külli miqdarda vəsait ayrılır, xüsusi planlar tərtib olunur. Lakin Lerikdə yaranan son vəziyyət bu planların faktiki olaraq icra edilmədiyini ortaya qoyur.
Ekologiya.az bildirir ki, hazırda rayonda ağacların qırılaraq yolları bağlaması, elektrik xətlərinin sıradan çıxması, texnika çatışmazlığı bəhanəsi ilə yolların ümumiyyətlə təmizlənməməsi ciddi idarəetmə problemlərindən xəbər verir. Mövcud mənzərə göstərir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ucqar dağ rayonunun real problemlərinə vaxtında və adekvat reaksiya verməyib.
Məlumdur ki, Lerik dağ rayonudur və qış ayları burada hər zaman sərt keçir. Qarın intensiv yağması bu rayon üçün fövqəladə hal deyil, illərlə təkrarlanan təbii prosesdir. Elə bu səbəbdən də qışa hazırlıq isti aylardan başlamalı idi, xüsusilə mərkəzi və kənd yollarının vəziyyəti daim nəzarətdə saxlanmalı idi. Yol kənarlarında çürümüş və təhlükə yaradan ağaclar vaxtında təmizlənməli, yalnız sağlam ağaclar saxlanılmalıdır ki, qarlı və küləkli havalarda yolların bağlanması kimi hallar yaşanmasın.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin də açıqlaması vəziyyətin nə qədər nəzarətdən çıxdığını göstərir. Qurum Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalmasına münasibət bildirərək qeyd edib ki, problem təkcə elektrik təsərrüfatı ilə bağlı deyil: “Lerikin mərkəzi yolları bağlıdır. Əvvəlcə yollar açılmalıdır ki, texnika hərəkət edə bilsin. Bütün məsuliyyət təkcə bizim üzərimizdə deyil. Ağaclar qırılaraq yolboyu tökülüb. Bizim həmin ağacları kəsib götürməyə səlahiyyətimiz yoxdur”.
Bu açıqlama bir daha sübut edir ki, Lerikdə aidiyyəti qurumlar, xüsusilə rayon icra hakimiyyəti vaxtında preventiv tədbirlər görməli idi. Yol kənarlarında təhlükə yaradan ağaclar öncədən təmizlənsəydi, nə yollar bağlanar, nə də onlarla kənd günlərlə işıqsız qalardı.
Ötən gün saytın elektron ünvanına göndərilən videogörüntülərdən də açıq şəkildə görünür ki, Lerik şəhərinin mərkəzi yolları belə təmizlənməyib. Bu isə göstərir ki, rayon rəhbərliyi və aidiyyəti qurumlar prosesə gec reaksiya veriblər. Nəticədə rayonun kəndləri işıqsız qalıb, əhalinin gündəlik həyatı iflic vəziyyətinə düşüb.
Hər il təkrarlanan suallara yenə kimsə cavab vermir - Hər il “qışa hazırıq” deyən icra hakimiyyətləri və dövlət qurumları əslində nəyə hazırlaşırlar? Qışa hazırlıq üçün ayrılan milyonlarla manat vəsaitin real nəticəsi niyə görünmür? Eyni problemlər niyə ildən-ilə təkrarlanır və bunun məsuliyyəti kimdən soruşulacaq?
Lerikdə yaşananlar göstərir ki, problemin kökü təkcə hava şəraitində deyil, idarəetmədə, nəzarətsizlikdə və məsuliyyətsiz yanaşmadadır. Bu yanaşma dəyişmədikcə, qarlı hava hər il yenə “gözlənilməz fəlakət” kimi təqdim olunacaq.
Mənbə:Bizimesr.az