Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 36-ci ildönümü münasibətilə Azərbaycanın Əlcəzairdəki səfirliyində anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, səfirliyin əməkdaşları və onların ailə üzvlərinin, həmçinin burada yaşayan həmvətənlilərin iştirakı ilə baş tutan tədbirdə şəhidlərin xatirəsi yad edilib.
Bununla yanaşı, səfir Tural Rzayevin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqaləsi Əlcəzairin “alharir.info” və “El Fanek El Arabi” xəbər portallarında dərc olunub.
Məqalədə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə, həmin gecə keçmiş Sovet İttifaqı ordusunun Bakı şəhərində və respublikanın digər bölgələrində dinc əhaliyə qarşı törətdiyi qanlı hadisələr ətraflı şəkildə şərh edilib. Bu faciənin Azərbaycanın milli yaddaşında tutduğu yer, onun xalqın iradəsini qıra bilmədiyi və əksinə, müstəqillik yolunda dönüş nöqtəsinə çevrildiyi vurğulanır.
Eyni zamanda, yazıda Ermənistanın ərazi iddiaları, azərbaycanlı əhalinin tarixi torpaqlardan zorla çıxarılması, etnik təmizləmə siyasəti və bunun 20 Yanvar hadisələri ilə əlaqəsi qeyd edilir. Azərbaycanın sonrakı dövrlərdə üzləşdiyi hərbi-siyasi çağırışlar, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün bərpa olunması xüsusi qeyd edilir.
Məqalədə, həmçinin işğaldan azad edilmiş ərazilərdə müharibədən sonrakı dövrdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz yurdlarına qayıdışı, regional sülh və təhlükəsizlik məsələlərinə Azərbaycanın yanaşması, eləcə də Cənubi Qafqazda davamlı sülhün təmini üçün irəli sürülən şərtlər əks olunub.