İstanbul, 20 yanvar, Günel Karatepe, AZƏRTAC
Azərbaycan tarixinə qanlı bir gün kimi yazılan 20 Yanvar hadisələri eyni zamanda bir xalqın müstəqillik uğrunda apardığı misilsiz mübarizəsinin rəmzidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib.
20 Yanvar gecəsi Bakıda yaşananlara toxunan Qaraqoyunlu Qızıl Ordunun Bakıda qəsdən amansız qırğın törətdiyini qeyd edib. “Televiziya susduruldu, Azərbaycanın dünya ilə əlaqəsini kəsməyə çalışdılar. Əliyalın insanlar qətlə yetirildi, yaralıları daşıyan təcili yardım maşınlarına belə atəş açıldı”, - deyə İSTAD sədri bildirib.
Azərbaycan xalqının bütün təzyiqlərə baxmayaraq geri çəkilmədiyini vurğulayan Qaraqoyunlu o dövrdə Bakı küçələrində yüksələn müstəqillik ruhuna diqqət çəkib: “Müstəqillik şüarları ilə küçələrə çıxan Azərbaycan türkləri azadlıq mübarizəsindən heç vaxt vaz keçmədilər. Bu müqavimət Azərbaycanın müstəqillik yolunu açdi. O gün şəhid edilən azərbaycanlılar müstəqil Azərbaycan dövlətinin təməlini qoydular. Bu gün Azərbaycan bu möhkəm təməl üzərində güclü şəkildə yoluna davam edir”.
Qarakoyunlu türk millətinin bu yaşananları heç vaxt unutmayacağını vurğulayaraq deyib: “20 Yanvarı və Xocalı soyqırımını unutmayacaq, unutdurmayacağıq. Bu vəsilə ilə bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla anırıq”.