AZ

Bağışlanan əmlakdan digər övladlar pay tələb edə bilər? – VACİB AÇIQLAMA

Bağışlanan əmlakla bağlı övladların pay hüququ cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Bəs, bağışlanan əmlakdan digər övladlar pay tələb edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmək hüquqları üzrə ekspert Etibar Qarayev bildirib ki, bağışlama və vərəsəlik institutları hüquqi baxımdan fərqli anlayışlardır və burada əsas məqam müddət və məcburi pay hüququdur.

“Ata vəfat etdikdən sonra onun adına olan əmlak vərəsəlik qaydasında övladları arasında bölünür. Ümumiyyətlə, bağışlanan əmlak vərəsəlik hüququndan azad edilən əmlak sayılır. Lakin bu azadolma müəyyən şərtlərlə mümkündür”.

Etibar Qarayev qeyd edib ki, atanın üç övladı varsa, normal halda hər üç övladın əmlak üzərində vərəsəlik hüququ mövcuddur. Ata öz sağlığında əmlakı övladlarından birinə bağışlayıbsa, bu zaman digər övladlar üçün məcburi pay hüququ yaranır.

“Ev bir nəfərə bağışlanıbsa, digər övladlar məcburi pay tələb edə bilərlər. Bu halda əmlakın yarısı bağışlanan şəxsə qalır, digər yarısı isə məcburi pay hüququ olan şəxslər arasında bölünür”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, vərəsəlikdə əsas prinsip ondan ibarətdir ki, şəxs vəfat etdiyi andan etibarən miras açılır və həmin əmlak bölüşdürülür.

Bağışlanma zamanı isə 2 illik müddət xüsusi əhəmiyyət daşıyır.

“Əgər bağışlanmadan sonra 2 il müddət ərzində şəxs vəfat edərsə, miras açılana qədər digər övladlar məcburi paylarını tələb edə bilərlər. Lakin bağışlanmadan sonra 2 ildən artıq vaxt keçibsə, həmin şəxslər bu hüququ itirirlər”, – deyə Etibar Qarayev bildirib.

Ekspert əlavə edib ki, ata sağ olsa belə, bağışlanmadan sonra 2 il tamam olubsa, artıq digər övladların həmin əmlak üzərində pay hüququ ləğv olunur.

Beləliklə, bağışlanan əmlakla bağlı digər övladların pay tələb edib-etməməsi əsasən bağışlanmanın tarixindən və 2 illik müddətin keçib-keçməməsindən asılıdır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
30
1
konkret.az

2Mənbələr