AZ

20 Yanvar faciəsi qan yaddaşımızda əbədi olaraq qalacaqdır » AzadMedia.az


20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəvi, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olmuş, müstəqillik və azadlıq uğrunda mübarizənin, yenilməz iradənin rəmzinə çevrilmişdir. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan xalqı məhz həmin gün azadlıq və müstəqillik yolunda ilk şəhidlərini verdi.
Azadlığa aparan yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə unudulmaz səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli gecənin ağrı-acısını heç vaxt unutmur.
Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu nümayiş etdirdi, bu qırğını törədənləri kəskin şəkildə pislədi. O, bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd, kobud siyasi səhv və cinayət kimi qiymətləndirdi. Ümummilli Lider faciənin ovaxtkı respublika rəhbərliyinin xalqa qarşı xəyanəti nəticəsində baş verdiyini dəfələrlə bəyan edərək, xalqına sədaqətini və cəsarətini bir daha nümayiş etdirdi.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi. Bu qərar Ulu Öndərin qətiyyətinin və milli məsuliyyətinin təzahürü kimi tarixə düşdü.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanlar faciə ilə bağlı həqiqətləri ortaya qoymağa cəsarət etmədilər. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti hüquqi müstəvidə açıqlandı. 1994-cü ildə dövlət səviyyəsində bu hadisələrə tam siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı və 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Bu gün Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Onların ailə üzvləri və yaxınları dövlət qayğısı ilə əhatə olunub, sosial müdafiələrinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Şəhidlərimizin ruhu bu gün şaddır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin suverenliyi tam bərpa olundu. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı uğurla icra edilir.
Şəhidlər Xiyabanı təkcə böyük faciənin deyil, eyni zamanda xalqımızın yenilməz iradəsinin, milli birliyinin və mübarizlik ruhunun rəmzinə çevrilib. İllər keçsə də, dəyişməyən bir həqiqət var: Azərbaycan xalqının həmrəyliyi və Vətən sevgisi.
Bu gün 20 Yanvar hadisələrinə təkcə hüznlə deyil, həm də qürur hissi ilə baxırıq. Çünki bu faciə xalqımızın milli azadlıq uğrunda mübarizə əzmini sındırmadı, əksinə daha da gücləndirdi. Torpaqlarımızın azad olunması, qazanılan tarixi Zəfər xalqımızın özünə, liderinə və ordusuna inamını daha da möhkəmləndirdi.
1990-cı ilin Qanlı Yanvar hadisələri dinc əhaliyə qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, ümumbəşəri dəyərlərə və humanizmə qarşı yönəlmiş vəhşilikdir. Lakin bu qanlı tarix Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi.
Azərbaycan xalqı qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Vətənimiz, dövlətimiz daim var olsun!

Fərid Şərifov
YAP üzvü, El Holding əməkdaşı
Seçilən
38
1
azadmedia.az

2Mənbələr