AZ

Tramp yeni oyun qurur: Qlobal iqtisadi nizamın sonu 

Donald Trampın “80 illik dünya nizamını pozması” ilə bağlı ifadələr təsadüfi ritorika deyil. Bu yanaşma onun “America First”, MAGA (Make America Great Again) ideologiyasına əsaslanan siyasətinin məntiqi nəticəsidir. Trampın hakimiyyətə gəlişi ilə formalaşmış reallıq göstərdi ki, II Dünya müharibəsindən sonra ABŞ-ın liderliyi ilə qurulan liberal beynəlxalq nizam artıq Vaşinqtonun özü tərəfindən sual altına alınır.

Bu, sadəcə diplomatik üslub dəyişikliyi deyil, qlobal sistemin fundamentinə yönəlmiş strateji müdaxilədir.

“America First”: Qlobalizmdən suverenliyə dönüş

“America First” şüarı Trampın xarici siyasətinin ideoloji özəyidir. Bu yanaşma beynəlxalq öhdəlikləri ikinci plana keçirir, çoxtərəfli mexanizmləri zəiflədir,milli maraqları ali prinsipə çevirir.
Tramp administrasiyası açıq şəkildə bəyan etdi ki, ABŞ əvvəlki kimi qlobal nizamın “xərclərini daşıyan mərkəz” olmaq istəmir. Bu mövqe isə istər-istəməz NATO, BMT, ÜTT və digər beynəlxalq strukturların legitimliyini və effektivliyini sual altına aldı.

Qlobal iqtisadi nizamın hədəfə alınması
Trampın siyasətinin ən dağıdıcı tərəfi qlobal iqtisadi sistemə yönəlmiş addımlar oldu: Çinlə genişmiqyaslı ticarət müharibəsi, Avropa İttifaqına qarşı tariflər, proteksionizmin normaya çevrilməsi.

Bu addımlar onilliklər boyu formalaşmış açıq bazar prinsiplərini sarsıtdı. Tramp üçün ticarət “qarşılıqlı asılılıq” yox, təzyiq alətidir.
Bu addımlar ABŞ-ın “qaydalar əsasında qurulmuş dünya nizamının” əsas dayağı rolundan könüllü şəkildə imtina etməsi kimi qiymətləndirilir.

Davos 2026: Köhnə nizamın son qalası?

Bu gün Davosda açılan Dünya İqtisadi Forumu (WEF) məhz bu suallar fonunda keçirilir. Qlobal media diqqətini Trampın foruma böyük nümayəndə heyəti ilə qatılmasına yönəldib.
Forumun builki şüarı  “Dialoqun Zəfəri” ironik səslənir. Çünki əsas qonaq ötən ili dialoqdan çox təzyiq və güc siyasəti ilə yadda qalıb.

Politico yazır: “Davos MAGA forumuna çevrilir.”
Bloomberg isə daha sərt ifadə işlədir: “Ən varlıların sağ qalması-Trampın xaosu Davosda həyəcan doğurur.”

Analitiklər qeyd edirlər ki, bir vaxtlar iqlim böhranı, gender bərabərliyi və davamlı inkişafın müzakirə olunduğu Davos indi tariflər, güc balansı və siyasi şantaj mövzularının mərkəzinə çevrilib.

Trampın dünya baxışı belədir: “Güc doğrunu edir”.
Tramp Davosa liberal dəyərləri müdafiə etməyə deyil, öz gücünü nümayiş etdirməyə gəlib.  Trampın “Truth Social” üzərindən Qrenlandiya məsələsi, Avropaya tarif təhdidləri, bazarlara təsir göstərmək yeni dövrün alətləridir.

Bu dövrdə müttəfiq və rəqib anlayışları bulanıqlaşır, iqtisadiyyat geosiyasi silaha çevrilir, qeyri-müəyyənlik normaya çevrilir.
Əsas sual: Avropa bu sınaqdan çıxa biləcəkmi?
Davosda və ondan sonrakı proseslərdə əsas məsələ budur: -Avropa ABŞ-dan asılılığı azalda biləcəkmi:
-alternativ bazarlar və ittifaqlar qurula biləcəkmi?
-iqtisadi sahədə Trampın təzyiqlərinə qarşı müqavimət formalaşacaqmı?
Hərbi-siyasi müstəvidə Trampa qarşı hələ ki effektiv cavab formalaşmayıb. İndi ümid iqtisadi alətlərə bağlanıb.
Donald Trampın siyasəti təsadüfi deyil. Bu, köhnə qlobal nizamın planlı sökülməsi prosesidir. Davos isə bu nizamı xilas etmək üçün bəlkə də son platformadır.
Uğur qazanacaqlarmı? Bu suala cavabı Davosdan sonrakı dünya verəcək.

Mürtəza

Seçilən
112
olke.az

1Mənbələr