AZ

"Fitch": Azərbaycanda bir çox banklar "Bazel III" tələblərinə hazırdır

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Bazel III" standartlarının tətbiqinin Azərbaycanın bank sektorunun kredit dinamikasına və ya kredit portfelinin strukturunun dəyişməsinə əhəmiyyətli təsir göstərəcəyini gözləmir.

Bu barədə "Far.Az" agentliyinin sualına cavab olaraq "Fitch Ratings"in maliyyə institutları – banklar üzrə kiçik direktoru Maksim Malyutin "Fitch" Qafqaz haqqında: suveren sektorun və bank sisteminin 2026-cı il üçün perspektivləri" adlı vebinarda bildirib.

Onun sözlərinə görə, bankların pərakəndə kreditlərin həcmini artıracağı ehtimal olunur, korporativ portfeldə isə ticarət və xidmət sahələri üstünlük təşkil edəcək ki, bu da sektorun struktur xüsusiyyətidir.

"Yerli banklar neft-qaz şirkətlərini böyük həcmlərdə kreditləşdirmir və əsasən ticarət və xidmət sektoruna yönəlib, buna görə də orada əhəmiyyətli təsir gözləmirik", - M.Malyutin qeyd edib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan banklarının bir çoxu "Bazel III"ün yeni tələblərini yerinə yetirməyə yaxşı hazırlaşıb, çünki onların kapital göstəriciləri, "Fitch"in qiymətləndirmələrinə görə, artıq adekvat səviyyədədir.

"Bir sıra daha kiçik banklarda müəyyən çətinliklər yarana bilər, lakin sektorun iri oyunçuları ümumiyyətlə bu tələblərə əməl etməyə hazırdır", - M.Malyutin əlavə edib.

Xatırladaq ki, qurumun İdarə Heyətinin ötən il dekabrın 16-da qəbul etdiyi qərarla "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edilib. Bu addım "2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə atılıb. Sözügedən dəyişikliklərlə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel III standartlarına uyğunlaşdırılıb.

Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda və prosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcə də sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid dövrü verilib. Belə ki, yeni tələblərə 1 yanvar 2027-ci ildən tam riayət olunması banklardan tələb ediləcək.

Seçilən
124
3
far.az

4Mənbələr